- 20 Oct 2025
Bakı Avrasiya Universitetində (BAAU) MUSLIM İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Asif Tanveer Awanın iştirakı ilə “Pakistan-Azərbaycan mədəni əlaqələri” mövzusunda interaktiv sessiya keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevda Rzayeva Azərbaycan və Pakistan arasında mövcud dostluq münasibətlərinin, mədəni və elmi əlaqələrin əhəmiyyətindən danışıb.
Daha sonra MUSLIM İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Asif Tanveer Awan tələbələr qarşısında “Pakistan-Azərbaycan mədəni əlaqələri” mövzusunda çıxış edib. O, iki ölkə arasında ortaq tarixi və mədəni dəyərlərdən, həmçinin təhsil və gənclər sahəsində əməkdaşlıq perspektivlərindən bəhs edib.
Tədbirdə universitetin müəllimi fil.ü.f.d., prof. Səadət Şıxıyeva da çıxış edərək Pakistanın sufi ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Sultan Bahu ilə Azərbaycan ədəbiyyatının dahilərindən İmadəddin Nəsimi arasında mənəvi və fəlsəfi oxşarlıqlardan danışıb.
Sessiya tələbələrin fəal iştirakı ilə keçib, onlar Pakistanın zəngin mədəni irsi, ədəbiyyatı və incəsənəti ilə bağlı maraqlı suallar ünvanlayıblar.
Sonda cənab Asif Tanveer Awan Bakı Avrasiya Universitetinə təşəkkürünü bildirib və gələcəkdə iki ölkənin gəncləri arasında mədəni və elmi əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.




