- 28 Oct 2025
Bakı Avrasiya Universitetində (BAAU) Nəzəri dilçilik və türk dilləri kafedrası ilə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Türkiyə və Azərbaycan ziyalıları” adlı elmi seminar keçirilib.
Tədbir Azərbaycan və Türkiyə Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi seminarın əsas məqsədi Türkiyə və Azərbaycan ziyalılarının ortaq mənəvi irsini, maarifçilik və milli dövlətçilik ideyalarını araşdırmaq, həmçinin bu istiqamətdə müasir yanaşmaları müzakirə etmək olub.
Açılış nitqi ilə çıxış edən Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva Türkiyə Cümhuriyyətinin 102 illik inkişaf yolunun bütün Türk Dünyası üçün qürur mənbəyi olduğunu vurğulayıb və bu münasibətlə qardaş ölkənin xalqını səmimi qəlbdən təbrik edib.
Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli tədbirin əhəmiyyətindən danışaraq qeyd edib ki, Türkiyə və Azərbaycanın ortaq tarixi, dil və mədəni əlaqələri hər iki xalqın milli kimliyinin və mənəvi birliyinin əsasını təşkil edir.
Elmi seminarda Nəzəri dilçilik və türk dilləri kafedrasının professoru Ədalət Tahirzadə “Cümhuriyyət dönəmi Türkiyə və Azərbaycan maarif və təhsil əlaqələri” mövzusunda maraqlı çıxış edib.
Araşdırmaçı-yazar, politoloq, tədqiqatçı Dilqəm Əhməd “Türkiyə Cümhuriyyəti və Azərbaycan siyasi mühacirəti” mövzusunda çıxış edərək XX əsrin əvvəllərində formalaşan mühacir hərəkatının ortaq tariximizdəki mühüm roluna diqqət çəkib.
Ardınca Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Seyfəttin Altaylı “Əli bəy Hüseynzadənin Yeni Türkiyə Cümhuriyyətinə təsiri” mövzusunda çıxış edərək böyük fikir adamının ideyalarının Türkiyə dövlətçiliyinin formalaşmasındakı rolundan bəhs edib.
Tanınmış jurnalist “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal “Azərbaycan mediasının inkişafında Türkiyənin media ənənələrinin rolu” mövzusunda çıxış edərək iki ölkə arasında informasiya və media sahəsində təcrübə mübadiləsinin önəmini vurğulayıb.
Nəzəri dilçilik və türk dilləri kafedrasının dosenti Kəmalə Ələkbərova “Cümhuriyyət və Türk dili” mövzusunda çıxışında Cümhuriyyət dövründə həyata keçirilən dil siyasətinin milli kimliyin formalaşmasındakı əhəmiyyətindən və bu yolda Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün əvəzsiz xidmətlərindən danışıb.
Tədbir tələbələrin ifasında səsləndirilən, qardaşlıq, müstəqillik və milli dəyərləri tərənnüm edən şeirlərlə davam edib. Daha sonra mövzu ətrafında ümumi müzakirələr aparılıb.
BAAU-da keçirilən bu elmi seminar bir daha Türkiyə və Azərbaycan qardaşlığının, ortaq tarixi-mədəni dəyərlərinin, elmi və maarifçilik ənənələrinin yaşadıldığını və gələcək nəsillərə ötürüldüyünü nümayiş etdirib.




