News

BAAU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Ömrü vətən olan Lider” adlı tədbir keçirilib

BAAU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Ömrü vətən olan Lider” adlı tədbir keçirilib
  • 11 Dec 2025

Bakı Avrasiya Universitetində (BAAU) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Ömrü vətən olan Lider” adlı tədbir təşkil edilib.

Tədbirdən əvvəl BAAU-nun kollektivi Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və abidənin önünə gül dəstələri düzüblər.

Ulu Öndərin xatirəsi Fəxri Xiyabanda ehtiramla yad edildikdən sonra tədbir BAAU-nun konfrans zalında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə BAAU-nun rəhbərliyi, professor- müəllim heyəti və tələbələr iştirak edib.

Tədbirin açılışında BAAU-nun rektoru, dosent Səyavuş Qasımov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və milli inkişaf strategiyasının formalaşmasında tarixi rolunu xüsusi vurğulayıb. Rektor qeyd edib ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi ilə respublikanın sosial-iqtisadi və mədəni həyatında keyfiyyətcə yeni mərhələ başlanıb. O dövrdə ittifaq məkanında periferik region kimi qəbul olunan Azərbaycan qısa müddətdə sənaye, energetika və infrastruktur potensialı ilə seçilən respublikalardan birinə çevrilib. Bu inkişaf elmi əsaslandırılmış planlaşdırma, sistemli kadr siyasəti və institusional yenilənmə strategiyası ilə təmin olunub.

Çıxışda həmin illərdə təhsil, elm və mədəniyyət sahələrinə verilən prioritetin uzunmüddətli strateji investisiya xarakteri daşıdığı diqqətə çatdırılıb. Minlərlə gəncin SSRİ-nin və dünyanın nüfuzlu ali məktəblərinə göndərilməsi, milli kadr potensialının məqsədyönlü şəkildə formalaşdırılması müstəqillik dövründə dövlət idarəçiliyi, diplomatiya, elmi-tədqiqat və iqtisadi sistemlərin dayanıqlığını təmin edən əsas resurslardan birinə çevrilib. Bu baxımdan Heydər Əliyevin kadr siyasətinin gələcək dövlət quruculuğuna hesablanmış strateji konsepsiya olduğu vurğulanıb.

Rektor çıxışında 1990-cı illərin Ulu Öndərin siyasi fəaliyyətində yeni — milli dövlətçilik mərhələsi kimi qiymətləndirildiyini bildirib. SSRİ-nin süqutu, Ermənistan–Azərbaycan münaqişəsi, daxili siyasi gərginlik və qarşıdurmalar fonunda ölkənin müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir dövrdə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının tarixi zərurət və ictimai sifarişin ifadəsi olduğu qeyd edilib.

Daha sonra elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə və strateji qərarlarına toxunub. O, xüsusilə “Əsrin müqaviləsi”nin Azərbaycanı qlobal enerji xəritəsində mühüm mövqe tutduğunu və ölkənin siyasi-iqtisadi inkişafında əsaslı dönüş yaratdığını qeyd edib.

Ardınca Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlar barədə məlumat verib. O bildirib ki, Azərbaycan Konstitusiyasının qəbul edilməsi, söz və mətbuat azadlığının təmin olunması, senzuranın ləğvi və ölüm hökmünün aradan qaldırılması demokratik hüquqi dövlətin formalaşmasında həlledici rol oynayıb.

Ümumi fənlər kafedrasının dosenti, Jalə İsmayılova çıxışında siyasi sabitliyin bərpası istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O qeyd edib ki, qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi və mərkəzi hakimiyyətin möhkəmləndirilməsi dövlətin təhlükəsiz inkişaf yoluna çıxmasına imkan verib.

Sosial və siyasi fənlər kafedrasının müəllimi Emin Yolçuyev Ulu Öndərin gənclər siyasətindən bəhs edərək bildirib ki, xaricdə təhsil imkanlarının genişləndirilməsi və gənclərin dövlət idarəçiliyində rolunun artırılması ölkənin intellektual potensialının gücləndirilməsinə mühüm töhfə verib.

Sosial və siyasi fənlər kafedrasının müəllimi Seymur Abbasov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müasir kadr siyasəti barədə çıxış edərək bu siyasətin Heydər Əliyev irsinin ardıcıl davamı olduğunu qeyd edib.

Tədbirin sonunda çıxışlar ətrafında səsləndirilən fikirlər Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin bu gün də aktuallığını və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinin əhəmiyyətini bir daha təsdiqləyib. İştirakçılar Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edərək, onun ideyalarının Azərbaycan Respublikasının inkişaf strategiyasında mühüm istiqamət olaraq yaşadığını vurğulayıblar.

Other news