- 28 Jul 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Mütəllim Rəhimov və Karyera və İnkişaf Mərkəzinin rəhbəri Natiq Xəlilov mübadilə proqramı çərçivəsində Türkiyə Respublikasının Çankırı Karatekin Universitetində səfərdə olublar.
Səfərin əsas məqsədi ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, akademik və inzibati təcrübə mübadiləsinin təşviqi, həmçinin universitetlərarası tərəfdaşlıq imkanlarının inkişaf etdirilməsi olub. Bu istiqamətdə BAAU nümayəndələri Çankırı Karatekin Universitetinin beynəlxalq əlaqələr üzrə əməkdaşları, fakültə rəhbərləri və karyera mərkəzinin nümayəndələri ilə bir sıra məhsuldar görüşlər keçiriblər. Görüşlər zamanı BAAU-nun nümayəndələri ali təhsilin idarə olunması, ikili diplom proqramları və ortaq elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsi imkanları haqqında da müzakirələr aparıblar.
Səfərin nəticəsi hər iki universitetin akademik mühitinin bir-birinə daha da yaxınlaşmasına, tələbə və müəllim heyətləri üçün yeni proqramların və layihələrin ortaq hazırlanması ilə icrasına, həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə inkişafına şərait yaradıb.