News

Universitetimiz “İNNAB” MMC ilə Anlaşma Memorandumu imzalayıb

Universitetimiz “İNNAB” MMC ilə Anlaşma Memorandumu imzalayıb
  • 18 May 2026

Bakı Avrasiya Universitetində (BAAU) “İNNAB” MMC nümayəndələri ilə görüş keçirilib. Görüşdə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov, Karyera və təlim mərkəzinin müdiri Natiq Xəlilov və rektorun köməkçisi Arif Nəcimov, həmçinin “INNAB” MMC-nin direktoru Rauf Hacıyev ilə şirkətin korporativ satış mütəxəssisi Pakizə Kərimova iştirak ediblər.

Görüş çərçivəsində tərəflər arasında təhsil və peşəkar inkişaf sahəsində əməkdaşlıq imkanları, data analitikası istiqamətində kadr hazırlığı, əmək bazarının müasir tələblərinə uyğun innovativ tədris yanaşmalarının tətbiqi, eləcə də universitet–sənaye əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Çıxışlar zamanı praktik bilik və bacarıqların inkişafına xidmət edən təlim proqramlarının əhəmiyyəti vurğulanıb, birgə layihələrin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.

Sonra BAAU ilə “İNNAB” MMC arasında təhsil, peşəkar inkişaf və innovativ təlim proqramlarının həyata keçirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi universitetin rektoru dosent Səyavuş Qasımov və “INNAB” MMC-nin direktoru Rauf Hacıyev imzalayıblar.

Memorandumun əsas məqsədi data analitikası istiqamətində müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanması, praktik yönümlü tədris modelinin tətbiqi və “Data Analitika Mini MBA” proqramının birgə təşkili üzrə institusional əməkdaşlığın formalaşdırılmasıdır. Sənədə əsasən, tərəflər “Data Analitika Mini MBA” adlı birgə təlim proqramının hazırlanması və həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Ümumi həcmi 128 saat nəzərdə tutulan proqram çərçivəsində Business Excel, SQL, Power BI, Python, statistika və analitik metodlar üzrə nəzəri və praktiki biliklərin tədrisi planlaşdırılır.

Memorandum çərçivəsində birgə təlim proqramlarının təşkili, iştirakçıların cəlbi, marketinq və təşviqat fəaliyyətlərinin həyata keçirilməsi, tədris prosesinin keyfiyyətinə nəzarət mexanizmlərinin tətbiqi, eləcə də seminar, forum və master-klassların təşkili istiqamətində qarşılıqlı əməkdaşlıq nəzərdə tutulur.

Memoranduma əsasən, proqramı uğurla başa vuran iştirakçılara BAAU-nun və “INNAB” MMC-nin birgə adından rəsmi sertifikat təqdim olunacaq.

Qeyd edək ki, imzalanmış sənəd tərəflər arasında təhsil və peşəkar inkişaf sahəsində uzunmüddətli əməkdaşlığın genişləndirilməsinə, data analitikası üzrə peşəkar insan kapitalının formalaşdırılmasına və müasir əmək bazarının tələblərinə uyğun innovativ təhsil imkanlarının inkişafına xidmət edir.

Other news