- 12 May 2026
Bakı Avrasiya Universitetində (BAAU) Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Əfzələddin Xaqani və Azərbaycan ədəbiyyatı” mövzusunda tədbir təşkil olunub. Tədbirin əsas məqsədi görkəmli Azərbaycan şairi və mütəfəkkiri Əfzələddin Xaqaninin zəngin ədəbi irsinin, Azərbaycan ədəbiyyatının inkişafındakı rolunun və poetik-fəlsəfi dünyagörüşünün elmi müstəvidə araşdırılması olub.
Açılış nitqi ilə çıxış edən Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeç Əfzələddin Xaqaninin Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutduğunu, onun zəngin poetik irsinin və fəlsəfi düşüncəsinin bu gün də aktuallığını qoruduğunu vurğulayıb. O, klassik ədəbi irsin öyrənilməsi və gənc nəslə çatdırılması istiqamətində keçirilən belə elmi tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.
Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Könül Hacıyeva “Xaqani poeziyasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə şairin poetik dili, bədii təsvir vasitələri və klassik Şərq poeziyasındakı mövqeyi geniş şəkildə təhlil olunub.
Daha sonra BAAU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru Səadət Şıxıyeva “Hürufi müəlliflər və Xaqani: ədəbi-fəlsəfi düşüncə işığında” mövzusunda çıxış edərək Xaqani yaradıcılığının hürufi düşüncə sistemi ilə əlaqələrinə və orta əsr Azərbaycan ədəbi-fəlsəfi fikrində tutduğu yerə diqqət çəkib.
Tədbir çərçivəsində Filologiya fakültəsinin tələbələri tərəfindən şeir təqdimatları da dinlənilib. Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının I kurs tələbələri Fatimə Məmmədova və Gültac Mustafayeva, eləcə də IV kurs tələbəsi Xanım Rüstəmova Əfzələddin Xaqani yaradıcılığından nümunələr təqdim edərək tədbirə bədii ovqat qatıblar.
Sonda tədbir iştirakçıları tərəfindən Əfzələddin Xaqaninin Azərbaycan ədəbi düşüncəsindəki müstəsna yeri vurğulanıb, klassik irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd olunub.




