News

Elmi məqalələrin yazılması və nəşrinə dair təlim keçirilib

Elmi məqalələrin yazılması və nəşrinə dair təlim keçirilib
  • 30 Jan 2026

Bakı Avrasiya Universitetində (BAAU) elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, tədqiqat nəticələrinin beynəlxalq elmi platformalarda təmsilçiliyinin genişləndirilməsi və akademik yazı mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə “Elmi məqalələrin yazılması və nəşri” mövzusunda təlim təşkil olunub.

Onlayn formatda, hər kəsə açıq olan və iki gün (29-30 yanvar 2025) davam edən təlim BAAU-nun İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Cem Işık tərəfindən aparılıb. Təlimdə universitetin professor-müəllim heyəti, gənc tədqiqatçılar, magistrant və doktorantlar, eləcə də elmi fəaliyyətlə məşğul olan digər əməkdaşlar iştirak ediblər.

Təlim proqramı çərçivəsində iştirakçılara elmi məqalənin metodoloji əsasları, strukturunun beynəlxalq tələblərə uyğun şəkildə qurulması, aktual və etibarlı elmi mənbələrin müəyyənləşdirilməsi, istinad və sitatgətirmə qaydaları, impakt faktorlu jurnallara məqalələrin təqdim edilməsi prosedurları, rəy (peer-review) prosesinin xüsusiyyətləri və rəyçilərin iradlarına cavablandırma mexanizmləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, elmi nəşr etikası, plagiatın qarşısının alınması və akademik dürüstlük prinsipləri geniş şəkildə izah olunub.

Təlim interaktiv formatda təşkil edilib, nəzəri təqdimatlarla yanaşı, praktiki tapşırıqlar, real nümunələr əsasında təhlillər və müzakirələr aparılıb. Bu yanaşma iştirakçıların elmi yazı bacarıqlarının təkmilləşdirilməsinə və beynəlxalq elmi standartlara uyğun tədqiqat işlərinin hazırlanması istiqamətində praktiki biliklər əldə etməsinə şərait yaradıb.

BAAU, elmi potensialın gücləndirilməsini, akademik heyətin peşəkar inkişafının dəstəklənməsini və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsini davam etdirir.

Elmi məqalələrin yazılması və nəşrinə dair təlim keçirilib

Other news