- 13 Feb 2026
Bakı Avrasiya Universitetində (BAAU) “Kadr İndeksi” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbir əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təkmilləşdirilməsi, ali təhsil müəssisələri ilə dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.
Təqdimatdan əvvəl Dövlət Məşğulluq Agentliyinin (DMA) nümayəndə heyəti universitetin rektoru, dosent Səyavuş Qasımovla görüş keçirib. Görüş zamanı ali təhsil ilə əmək bazarı arasında qarşılıqlı əlaqələrin inkişafı, tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Tədbirdə DMA-nin İdarə Heyəti sədrinin müavini Eşqin Bayramov, Mərkəzi Karyera Filialının müdiri Nahid Nəsirov, həmin filialın Xidmət İnkişafı Şöbəsinin müdiri Nicat Həmidov və şöbənin böyük mütəxəssisi Arzu Xəlilova iştirak edib.
Tədbir BAAU-nun konfrans zalında prorektorların, dekanların, kafedra müdirlərin və professor – müəllim heyətinin iştirakı ilə davam edib. Tədbirin açılışında universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva çıxış edərək ali təhsil müəssisələri ilə DMA arasında institusional əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, əmək bazarının dinamik tələblərinə uyğun kadr potensialının formalaşdırılmasının prioritet istiqamətlərdən biri olduğunu bildirib və bu kimi təşəbbüslərin tələbələrin peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd edib.
DMA-nin Mərkəzi Karyera Filialının Xidmət İnkişafı Şöbəsinin böyük mütəxəssisi Arzu Xəlilova “Kadr İndeksi” layihəsi barədə ətraflı təqdimatla çıxış edib.
Təqdimatda layihənin məqsədi, metodologiyası, tətbiq mexanizmləri və ali təhsil müəssisələri üçün yaratdığı imkanlar barədə geniş məlumat verilib. Bildirilib ki, layihə əmək bazarının real göstəriciləri əsasında kadr ehtiyaclarının müəyyənləşdirilməsinə və strateji planlaşdırmanın daha effektiv qurulmasına xidmət edir.
Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.




