- 01 Apr 2026
Bakı Avrasiya Universitetində (BAAU) Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) gedən yolda və Ümumdünya Sıfır Tullantı Gününə həsr olunmuş “Sıfır Tullantı: Məsuliyyətdən Fəaliyyətə” adlı akademik seminar təşkil olunub.
Seminarda açılış nitqi ilə çıxış edən universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva sıfır tullantı yanaşmasının müasir dövrdə artan əhəmiyyətindən və ekoloji məsuliyyətin gücləndirilməsinin vacibliyindən bəhs edib.
Seminar çərçivəsində müxtəlif sahələri təmsil edən ekspertlər aktual mövzular üzrə təqdimatlarla çıxış ediblər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın katibi, “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Tükəzban Ağababayeva “Sıfır tullantı: korporativ və ictimai mühitdə ekoloji davranışlar” mövzusunda çıxış edərək davamlı inkişaf baxımından düzgün davranış modellərinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Seminar zamanı “Təmiz Şəhər” ASC-nin nümayəndəsi Elnur Əliyev, eləcə də BAAU-nun Biznes və menecment kafedrasının müəllimləri Könül Abbasova və əməkdaşı Ülkər Səfərli, həmçinin İqtisadiyyat kafedrasının müəllimi Aygün İsmayılova tərəfindən sıfır tullantı prinsipinin tətbiqi, ekoloji şüurun artırılması və davamlı şəhər mühitinin formalaşdırılması mövzularında çıxış ediblər.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və interaktiv müzakirələrlə başa çatıb.




