- 17 Mar 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin II kurs tələbələri üçün Türkiyə Respublikasının Qars Qafqaz Universitetinin əməkdaşı, professor Çulpan Zaripova Çetin tərəfindən “Tatar ədəbiyyatı” mövzusunda ustad dərsi keçirilib.
Ustad dərsi zamanı tatar ədəbiyyatının tarixi keçmişi, onun İdil Bulqar, Altın Orda və Kazan xanlığı dövrlərində formalaşma və inkişaf xüsusiyyətləri haqqında ətraflı məlumat verilib və tatar təsəvvüfi ədəbiyyatının görkəmli nümayəndələrindən olan Sufi Allahyarın yaradıcılığına da toxunulub.
Dərsdə XVIII əsrdə tatarların ictimai-siyasi həyatında başlayan milli maarifçilik hərəkatı xüsusi vurğulanıb, bu prosesdə Salavat Yulayevin rolu qeyd edilib. Həmçinin tatar türkcəsinin tədrisinin ədəbi dilin və ümumilikdə ədəbiyyatın inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb.
Ustad dərsində Nizami və Füzuli ədəbi məktəblərinin tatar ədəbiyyatındakı davamçıları haqqında da məlumat verilib. Kayyum Nasiri və digər cədidçi ziyalıların ədəbiyyatın ictimai vəzifələri ilə bağlı baxışları geniş şəkildə izah olunub. Abdulla Tukay, Məcid Qafuri və Ayaz İshaki kimi görkəmli şəxsiyyətlərin yaradıcılığı, onların əsərlərinin ideya-bədii və ədəbi-estetik mahiyyəti şərh edilib.
Dərs çərçivəsində Kazanda mətbuatın inkişafının ədəbi mühitə və yazılı ədəbiyyatın formalaşmasına təsiri də xüsusi qeyd edilib və Said Ramiyevin yaradıcılığında Nəsiminin təsiri məsələsinə toxunulub. Həmçinin tatar və Azərbaycan ədəbiyyatları arasındakı tarixi-mədəni əlaqələrdən, Həsən bəy Zərdabi və Mirzə Kazım bəy kimi ziyalıların bu əlaqələrin inkişafındakı rolundan bəhs edilib. Əbdürrəhim bəy Haqverdiyevin “Müsibəti-Fəxrəddin” əsərinin tatar teatrlarında səhnələşdirilməsi də iki xalq arasında ədəbi-mədəni münasibətlərin mühüm göstəricilərindən biri kimi qeyd olunub.
Eyni zamanda, müstəqillik dövründə sovet illərində qadağan edilmiş tarixi mövzulara yenidən müraciət olunduğu, xüsusilə İdil-Ural dövləti və Kazan xanlığı ilə bağlı mövzuların çağdaş tatar ədəbiyyatında yenidən işlənməyə başlandığı vurğulanıb.




