- 07 Mar 2026
Bakı Avrasiya Universitetinin (BAAU) tələbə komandasının da qatıldığı “Diplomatic Arena” adlı intellektual yarışı Bakı Slavyan Universitetində (BSU) BSUMUN təşkilatının təşəbbüsü ilə keçirilib. Tələbələrin diplomatik düşüncə bacarıqlarının inkişaf etdirilməsi və beynəlxalq münasibətlər sahəsində biliklərinin artırılması məqsədilə təşkil olunan tədbirdə müxtəlif ali təhsil müəssisələrini təmsil edən tələbə komandaları yarışıblar.
Sözügedən tədbirin açılış mərasimində BSUMUN-un Baş katibi Əli Məmmədov, BSU-nun Tələbə Gənclər Təşkilatının sədri Rəsul Hüseynli və AZMUN proqramının İnsan Resursları meneceri Ağamirzə Zülfüqarov çıxış edərək belə intellektual platformaların əhəmiyyətindən bəhs ediblər. Natiqlər gənclərin analitik düşüncə, debat və diplomatik müzakirə bacarıqlarının formalaşmasında bu cür tədbirlərin mühüm rol oynadığını vurğulayaraq iştirakçılara uğurlar arzulayıb və yarışı rəsmi olaraq açıq elan ediblər.
Bildirilib ki, “Diplomatic Arena” intellektual yarışı ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq ili” çərçivəsində təşkil edilib. Yarış zamanı iştirakçılar müxtəlif mövzular üzrə bilik və bacarıqlarını nümayiş etdirib, diplomatik müzakirələr apararaq komanda işi və strateji düşünmə qabiliyyətlərini ortaya qoyublar.
Yarışın yekun nəticələrinə əsasən qaliblər müəyyənləşdirilib və iştirakçılara sertifikatlar təqdim olunub. BAAU-nun tələbələrindən ibarət komanda yarışda yüksək nəticə göstərərək I yerə layiq görülüb. Qalib komandanın tərkibində BAAU-nun Regionşünaslıq (ABŞ və Kanada) ixtisasının II kurs tələbələri Elvin Qasımzadə və Ayxan Razıyev, həmçinin Beynəlxalq münasibətlər ixtisasının II kurs tələbələri Ləman Əzizova və İlahə Novruzəlizadə yer alıblar.
Qalib komanda əldə etdiyi nəticəyə əsasən 2026-cı ilin aprel ayında keçiriləcək IV BSU MUN – BMT Simulyasiya Konfransında iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, BAAU-nun tələbələrinin əldə etdiyi bu uğur onların beynəlxalq münasibətlər və diplomatiya sahəsində bilik və bacarıqlarının yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir.




