News

Universitetdə tələbəyönümlü təhsil modeli üzrə təlim keçirilib

Universitetdə tələbəyönümlü təhsil modeli üzrə təlim keçirilib
  • 13 Feb 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, fil.ü.e.d., prof. Elmira Məmmədova-Kekeçin təşkilatçılığı ilə Təhsil sahəsində müasir yanaşmaların tətbiqi məqsədilə Hovard Qardnerin "Çoxnövlü intellekt" nəzəriyyəsinə əsaslanan tələbəyönümlü təhsil modeli” mövzusunda təlim təşkil edilib. Təlimin əsas məqsədi iştirakçıların "Çoxnövlü intellekt" nəzəriyyəsinin nəzəri əsaslarını izah etmək və bu yanaşmanı praktiki dərs dizaynına tətbiq etmə bacarıqlarını formalaşdırmaq olub.

Təlim zamanı qeyd edilmişdir ki, Hovard Qardnerin 1983-cü ildə irəli sürdüyü "Çoxnövlü intellekt" nəzəriyyəsi, intellektin tək bir ümumi qabiliyyət deyil, müxtəlif sahələri əhatə edən çoxşaxəli bacarıqlar olduğunu müdafiə edir. Qardner əsasən 8-9 intellekt növü (linqvistik, məntiqi-riyazi, vizual-məkan, musiqi, bədən-kinestetik, şəxslərarası, daxili, naturalistik) müəyyən etmişdir. Bu nəzəriyyə, təhsilin fərdiləşdirilməsi və hər bir təhsil alanın fərqli güclü tərəflərinin inkişaf etdirilməsi vacibliyini vurğulayır.

Təlim çərçivəsində iştirakçılar Hovard Qardner tərəfindən irəli sürülmüş çoxnövlü intellekt nəzəriyyəsinin əsas prinsiplərini izah edib, intellekt növlərini fərqləndirib və təsnif edib, ənənəvi və tələbəyönümlü təhsil modellərini müqayisə edib, fərqli intellekt tiplərinə uyğun təlim fəaliyyətləri hazırlayıb, alternativ qiymətləndirmə üsullarını seçib və əsaslandırıb, öz dərs təcrübələrini çoxlu intellekt yanaşması prizmasından qiymətləndirmiş, tələbəyönümlü dərs planının strukturunu qurmuşdurlar. 

Təlim akvarium üsulu əsasında təşkil edilib, iştirakçılar aktiv diskussiya və müşahidə mexanizmləri vasitəsilə nəzəri bilikləri praktik tətbiqlə əlaqələndirilib. Bu metod sosial intellektin, tənqidi düşünmənin və reflektiv təhlil bacarıqlarının inkişafına şərait yaratmışdır.

Təlim interaktiv formatda keçirilib, iştirakçıların sualları cavablandırılıb və real tədris situasiyaları əsasında müzakirələr aparılıb. 

Other news