News

Universitetimiz ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında memorandum imzalanıb

Universitetimiz ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında memorandum imzalanıb
  • 12 May 2026

Bakı Avrasiya Universiteti (BAAU) ilə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) arasında memorandum imzalanıb. Memorandumda iki ali təhsil müəssisəsi arasında tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, birgə elmi tədqiqatların aparılması, eləcə də ikili diplom proqramları üzrə əməkdaşlıq nəzərdə tutulur.

İmzalanma mərasimindən öncə ATMU-də iki universitetin rəhbər heyəti görüş keçirib. Görüş ATMU-nin rektoru, dosent İlham Mədətovun açılış nitqi ilə başlayıb. Rektor rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib və BAAU ilə əməkdaşlığın davamlı inkişafı üçün anlaşma memorandumun əhəmiyyətindən danışıb.

BAAU-nun rektoru, dosent Səyavuş Qasımov çıxışında universitet barədə məlumat verib, universitetin beynəlxalq əlaqələri, tədris proqramı və maddi-texniki bazasından danışıb. O, BAAU-nun xarici universitetlərlə əməkdaşlığa və tələbə-müəllim mübadiləsinə xüsusi önəm verdiyini, həmçinin tədris proqramlarının beynəlxalq standartlara uyğun yeniləndiyini vurğulayıb. Rektor universitetin son illərdə beynəlxalq sahədə qazandığı uğurlardan danışaraq, birgə layihələrin və proqramların BAAU-nun nüfuzunu artırdığını qeyd edib. 

Dosent Səyavuş Qasımov çıxışında, həmçinin ATMU ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin “Turizm və asudə vaxt menecmenti” üzrə ikili bakalavr diplom proqramına 2025/2026-cı tədris ilindən BAAU-nun da qoşulduğunu qeyd edib. O, hazırda BAAU-nun Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbələri Könül Bəxtiyar qızı Bayramova və Malik Ceyhun oğlu Salehzadənin həmin proqram üzrə təhsil aldıqlarını bildirib.

Memorandum çərçivəsində görüləcək ortaq işləri müzakirə etdikdən sonra universitetin nümayəndələri “Turizm və asudə vaxt menecmenti” ikili bakalavr diplom proqramı çərçivəsində təhsil alan tələbələr və əcnəbi müəllimlə görüşüblər, tədris prosesi ilə yerində tanış olub və ikili diplom proqramın tələbələrinə gələcək təhsil və karyeralarında uğurlar arzu ediblər.

Other news