- 14 May 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “15-ci Dayanıqlı İnkişaf Məqsədi və bədii mətnlər” mövzusunda tədbir keçirilib. Tədbirin əsas məqsədi Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) biri olan “Torpaq ekosisteminin mühafizəsi” (15-ci məqsəd) istiqamətində maarifləndirmə aparmaq, bədii ədəbiyyat vasitəsilə gənclərdə ekoloji şüurun formalaşdırılmasına töhfə vermək və ekoloji problemlərin bədii mətnlərdə əksini araşdırmaq olub.
Tədbirdə Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeç açaraq biomüxtəlifliyin qorunmasının bəşəriyyət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində elmi və bədii düşüncənin rolundan bəhs edib, gənc nəsildə təbiətə sevgi və məsuliyyət hissinin formalaşmasında bədii ədəbiyyatın əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirin proqramına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Günel Şıxalıyeva “Roald Dahl və Jan Klod Lalyumerin əsərlərində biomüxtəlifliyin qorunması problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Roald Dahlın “Sehirli barmaq” və Jan Klod Lalyumerin “Evimiz təhlükədə” əsərləri əsasında təbiətin mühafizəsi, heyvanlar aləmininin qorunması, yaşıl mühitə qayğı və ekoloji məsuliyyət məsələləri müasir ekoloji çağırışlar kontekstində təhlil olunub.
Tədbir çərçivəsində Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə III və IV kurs tələbələri tərəfindən mövzuya həsr olunmuş təqdimatlar və bədii səhnəciklər nümayiş etdirilib. Cahanə Qafarova, Rəşidə Edilova, Dəniz Qurbanova, Pərvin Kazımova, Məleykə Məmmədova, Pərvin Hacıyeva, Ləman Bayramlı, Xanım Əlimuradova, Aliyə Ərzumanova, Günay Tapdıqova, Gülşən Abdullayeva, Aytən Əskərova, Nüşabə Əlizadə, Elminaz Mahmudova, Şenay Musayeva və Zəhra Babayeva hazırladıqları təqdimat və səhnəciklərlə əsərlərdə yer alan ekoloji mesajları yaradıcı şəkildə auditoriyaya çatdırıblar.
Təqdimatlardan sonra tələbələr Roald Dahlın “Sehirli barmaq” və Jan Klod Lalyumerin “Evimiz təhlükədə” əsərlərində insanın təbiətə müdaxiləsi, bunun doğurduğu ekoloji problemlər və qlobal nəticələr barədə geniş müzakirələr aparıblar. Müzakirələr zamanı bədii əsərlərdə ekoloji problemlərin əksi, onların ictimai şüurun formalaşmasına təsiri və mövcud problemlərin həlli yolları ətrafında fikir mübadiləsi həyata keçirilib.
Tədbirin sonunda fəal iştirakları, maraqlı təqdimat və səhnəcikləri ilə seçilən tələbələrə, eləcə də məruzəçi müəllimə sertifikatlar təqdim olunub.
Tədbir BAAU-da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi, ekoloji maarifləndirmənin gücləndirilməsi və gənclərin qlobal çağırışlara həssas münasibətinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər silsiləsinin tərkib hissəsi kimi dəyərləndirilib.




