News

Universitetimizdə “Bir liderin nitqi” mövzusunda açıq dərs keçirilib

Universitetimizdə “Bir liderin nitqi” mövzusunda açıq dərs keçirilib
  • 14 May 2026

Bakı Avrasiya Universitetində (BAAU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Bir liderin nitqi” mövzusunda açıq dərs təşkil olunub. Açıq dərs universitetin Nəzəri dilçilik və türk dilləri kafedrasının baş müəllimi Sevinc Talıbovanın təşkilatçılığı ilə keçirilib.

Tədbirin əsas məqsədi Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsində mühüm yer tutan liderlik fəlsəfəsini, dövlətçilik təfəkkürünü və yüksək natiqlik mədəniyyətini gənc nəslə çatdırmaq, eyni zamanda nitq və davranış mədəniyyətinin insanın uğur yolunda əhəmiyyətini diqqətə çatdırmaq olub.

Açıq dərsdə çıxış edən Sevinc Talıbova bildirib ki, Heydər Əliyevin nitqləri Azərbaycan siyasi ritorikasının ən parlaq nümunələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, Ümummilli liderin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə etdiyi çıxışlar yalnız siyasi məzmunu ilə deyil, yüksək natiqlik keyfiyyətləri, auditoriyaya təsir gücü və milli ideologiyanın formalaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev öz nitqlərində xalqın tarixi yaddaşına, milli-mənəvi dəyərlərinə və dövlətin gələcək inkişaf strategiyasına xüsusi yer ayıraraq Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarının formalaşmasına mühüm töhfələr verib.

Tədbir çərçivəsində Ümummilli liderin müxtəlif beynəlxalq tribunalarda səsləndirdiyi çıxışlardan nümunələr təqdim olunub, həmin nitqlərin diplomatik üslubu, siyasi məntiqi və auditoriyaya təsir imkanları geniş şəkildə təhlil edilib. Vurğulanıb ki, Heydər Əliyevin nitqlərində dilin sadəliyi ilə siyasi dərinliyin vəhdəti bir liderin geniş auditoriya ilə səmərəli kommunikasiya qurmasının əsas amillərindən biridir.

Açıq dərsdə tələbələr də mövzu ətrafında fəal iştirak edərək lider nitqinin əsas xüsusiyyətləri, siyasi diskursda nitqin rolu və natiqlik mədəniyyətinin cəmiyyətə təsiri barədə fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda qeyd olunub ki, müasir dövrdə liderlik anlayışının əsas göstəricilərindən biri düzgün, təsirli və məsuliyyətli nitq mədəniyyətidir. Bu baxımdan Ümummilli lider Heydər Əliyevin çıxışları gənclər üçün mühüm örnək kimi qiymətləndirilir.

Other news