- 08 Jun 2026
Bakı Avrasiya Universitetində (BAAU) Azərbaycan və dünya ədəbiyyatı kafedrasının doktorantı Nərmin Məmmədrasul qızı Sadəddinlinin 5719.01 – “Folklorşünaslıq” ixtisası üzrə “Bozqurd mifologemi və onun milli-mədəni düşüncədəki paradiqmaları” mövzusunda yerinə yetirdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Müzakirdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professor-müəllim heyəti, elmi rəhbər və rəsmi rəyçilər iştirak ediblər. Müzakirə zamanı iddiaçı tərəfindən dissertasiya işinin məqsəd və vəzifələri, elmi-nəzəri əsasları, metodoloji yanaşmaları və əldə olunmuş elmi nəticələr təqdim olunub.
Tədqiqat çərçivəsində Bozqurd mifologeminin nəzəri-kateqorial əsasları araşdırılıb, arxetip, obraz və mifologem anlayışlarının elmi mahiyyəti təhlil edilib. Eyni zamanda, Bozqurd obrazının totem, xilaskar və hami-sərkərdə funksiyaları, eləcə də müxtəlif mifik inanclar və süjetlərlə bağlı xüsusiyyətləri geniş şəkildə tədqiq olunub.
Dissertasiya işində Bozqurd mifologeminin folklor paradiqmaları da öyrənilib, “Ergenekon” dastanı, Uyğur “Oğuznamə”si, “Kitabi-Dədə Qorqud” dastanı, müasir türk xalqlarının folklor nümunələri və “Koroğlu” dastanının “Ağcaquzu” qolunda Bozqurd arxetipinin təzahür formaları müqayisəli şəkildə təhlil edilib. Tədqiqatın elmi yenilikləri və praktik əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Müzakirə zamanı dissertasiya işi ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib. İştirakçılar tərəfindən tədqiqatın elmi aktuallığı, nəzəri və praktik əhəmiyyəti yüksək qiymətləndirilib.
Müzakirənin yekununda Nərmin Sadəddinlinin 5719.01 – “Folklorşünaslıq” ixtisası üzrə hazırladığı “Bozqurd mifologemi və onun milli-mədəni düşüncədəki paradiqmaları” mövzusunda dissertasiya işinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya üzrə fəlsəfə doktoru dissertasiyalarına qoyduğu tələblərə cavab verdiyini nəzərə alaraq növbəti mərhələyə buraxılması tövsiyyə olunmuşdur.




