- 08 Jun 2026
Bakı Avrasiya Universitetində (BAAU) 2026-cı il üzrə fəlsəfə doktoru proqramına doktoranturaya qəbul üçün müraciət edən namizədlərlə görüş keçirilib. Görüşdə universitetin Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova, Elm, innovasiya və doktorantura sektorunun müdiri dosent Vüsalə Həsənova, eləcə də aidiyyəti struktur bölmələrin əməkdaşları iştirak ediblər.
Tədbirin məqsədi namizədləri doktoranturaya qəbul prosesi, təhsil müddətində hüquq və vəzifələri, dissertasiya tədqiqatlarının təşkili, elmi fəaliyyətin planlaşdırılması və universitetdə mövcud elmi-tədqiqat imkanları barədə məlumatlandırmaq olub.
Çıxışlar zamanı universitetdə elmi fəaliyyətin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, doktorantların beynəlxalq elmi bazalarda indekslənən nüfuzlu jurnallarda məqalələrinin dərc olunması imkanları, elmi konfrans və simpoziumlarda iştirakı, həmçinin universitetin yerli və beynəlxalq elmi əməkdaşlıq imkanları ilə əlaqələri barədə məlumat verilib.
Namizədlərə fəlsəfə doktoru proqramının tədris və tədqiqat komponentləri, doktorluq imtahanları, fərdi iş planlarının hazırlanması, dissertasiya işlərinin yerinə yetirilməsi qaydaları və qəbul prosesinin növbəti mərhələləri ətraflı izah olunub.
Görüş qarşılıqlı müzakirə şəraitində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.
BAAU elmi potensialın gücləndirilməsi, gənc tədqiqatçıların hazırlanması və ölkənin elmi inkişafına töhfə verəcək yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətində fəaliyyətini ardıcıl olaraq davam etdirir.




