- 07 May 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Ümumi fənlər kafedrasının təşkilatçılığı ilə 9 May – Faşizm üzərində Qələbənin 81-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Ümumi fənlər kafedrasının dosenti Jalə İsmayılova açaraq, 9 May Qələbə Gününün dünya tarixində mühüm əhəmiyyətə malik olduğunu, faşizm üzərində qazanılan qələbənin bəşəriyyət üçün böyük tarixi əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycanın İkinci Dünya müharibəsində göstərdiyi misilsiz xidmətlərdən, xalqımızın cəbhədə və arxa cəbhədə nümayiş etdirdiyi qəhrəmanlıq nümunələrindən bəhs edib.
Tədbirdə Ümumi fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Sevil Bəhrəmova, kafedranın müəllimləri Qərənfil Sadıqova və Ayşən Mustafazadə, eləcə də universitetin tələbələri iştirak ediblər.
Tədbir zamanı İkinci Dünya müharibəsinin səbəbləri, gedişi və nəticələri, Azərbaycanın qələbəyə verdiyi töhfələr, Bakı neftinin müharibənin taleyində oynadığı strateji rol, eləcə də Azərbaycan xalqının yetirdiyi qəhrəmanların şücaətindən geniş bəhs olunub. Bildirilib ki, tarixi həqiqətlərin öyrənilməsi və gələcək nəsillərə çatdırılması gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən kafedra müdiri, dosent Sevil Bəhrəmova tarixi yaddaşın qorunmasının, İkinci Dünya müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlığın gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu cür maarifləndirici dərs-tədbirlər tələbələrin tarixi hadisələrə elmi və obyektiv yanaşmasının formalaşdırılmasına, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə xidmət edir.
Tədbir interaktiv müzakirələrlə davam edib, tələbələr mövzu ilə bağlı çıxış edərək öz fikir və mülahizələrini bölüşüb, onları maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparıblar.
Sonda iştirakçılar belə tədbirlərin gənclərin tarixi şüurunun formalaşdırılmasında, milli yaddaşın yaşadılmasında və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində mühüm rol oynadığını qeyd ediblər.




