News

Universitetimizdə “İnsan hüquqlarının əsasları və insan hüquqlarının universal dəyərləri” mövzusunda elmi-praktik seminar keçirilib

Universitetimizdə “İnsan hüquqlarının əsasları və insan hüquqlarının universal dəyərləri” mövzusunda elmi-praktik seminar keçirilib
  • 11 Jun 2026

Bakı Avrasiya Universitetində (BAAU) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) elan etdiyi 18 may – 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqlarının əsasları və insan hüquqlarının universal dəyərləri” mövzusunda elmi-praktik seminar təşkil olunub.

Seminarı giriş sözü ilə açan Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova insan hüquqları sahəsində maarifləndirmə tədbirlərinin cəmiyyətin hüquqi mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd edib. O, insan hüquq və azadlıqlarının qorunmasının demokratik və hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən biri olduğunu vurğulayaraq, gənclərin hüquqi biliklərinin artırılmasının əhəmiyyətinə diqqət çəkib.

Tədbirdə Ümumi fənlər kafedrasının müəllimi Günel Cəfərova “İnsan hüquqlarının əsasları və insan hüquqlarının universal dəyərləri” mövzusunda çıxış edib. O, çıxışında insan hüquqlarının tarixi inkişaf mərhələləri, beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş fundamental hüquq və azadlıqlar, insan hüquqlarının müdafiəsi mexanizmləri, həmçinin bu sahədə Azərbaycan Respublikasında həyata keçirilən hüquqi və institusional islahatlar barədə ətraflı məlumat verilib. Bununla yanaşı, müasir dövrdə qloballaşma, rəqəmsallaşma, informasiya təhlükəsizliyi və sosial bərabərlik kimi amillərin insan hüquqlarının təmin olunmasına təsiri elmi aspektdən təhlil edilib.

Seminarda Elm, innovasiya və doktorantura sektorunun müdiri, hüquq üzrə fəlsəfə doktoru Vüsalə Həsənova çıxış edərək insan hüquqlarının təbliği və müdafiəsi istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib. O, insan hüquqlarının yalnız hüquqi norma deyil, eyni zamanda ümumbəşəri dəyər kimi cəmiyyətin inkişafında mühüm yer tutduğunu vurğulayıb. Bildirilib ki, tələbələrdə hüquqi şüurun, vətəndaş məsuliyyətinin və hüquq mədəniyyətinin formalaşdırılması insan hüquqlarının səmərəli təmin olunmasının vacib şərtlərindəndir.

Tədbirin sonunda tələbələrlə interaktiv müzakirələr aparılıb, insan hüquqlarının aktual məsələləri ətrafında fikir mübadiləsi həyata keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminar tələbələrin insan hüquqları sahəsində biliklərinin artırılması, hüquqi maarifləndirmənin gücləndirilməsi və insan hüquqlarına hörmət mədəniyyətinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edib.

Other news