- 13 May 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Ümumi fənlər kafedrasının müəllimi Ayşən Mustafazadənin təşkilatçılığı ilə Sosial iş ixtisasının tələbələri üçün “Sosial işçinin multikultural cəmiyyətdə rolu” mövzusunda açıq dərs keçiri.
Açıq dərsin əsas məqsədi tələbələrdə multikultural dəyərlərin, tolerantlığın, sosial həmrəyliyin və sosial işçinin cəmiyyətdəki roluna dair bilik və bacarıqların daha da inkişaf etdirilməsi olub. İnteraktiv formatda təşkil edilən dərs müzakirələr, təqdimatlar və səhnəciklər əsasında həyata keçirilib.
Açıq dərsdə tələbələrin “Multikultural cəmiyyətdə sosial işçinin rolu” mövzusunda çıxışları da dinlənilib. Çıxışlar zamanı sosial işçinin multikultural mühitdə fəaliyyət istiqamətləri, tolerantlığın təşviqi, sosial inteqrasiya prosesləri və həssas qruplarla iş prinsipləri barədə ətraflı müzakirələr aparılıb.
Daha sonra tələbələr tərəfindən “Sınıq körpü” adlı səhnəcik nümayiş etdirilib. Səhnəcikdə I Qarabağ müharibəsində həyat yoldaşını itirmiş və övladı ilə birlikdə həyat mübarizəsi aparan qadının yaşadığı psixoloji və sosial çətinliklər, eləcə də sosial işçinin göstərdiyi mənəvi və sosial dəstək təsirli şəkildə canlandırılıb. Tamaşa iştirakçılar tərəfindən böyük maraq və həssaslıqla qarşılanıb.
Açıq dərsdə ekspert qismində universitetin müəllim heyəti, eləcə də Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova iştirak edib. Çıxış edənlər tələbələrin təqdimat və səhnəciklərini yüksək qiymətləndirərək onların sosial iş sahəsində peşəkar hazırlığının və multikultural dəyərlərə bağlılıqlarının əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, açıq dərs tələbələrin yaradıcı potensialının, komanda işi bacarıqlarının və praktik biliklərinin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb. Tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilən açıq dərs tələbələrin nəzəri və praktik hazırlığının inkişafına mühüm töhfə verib.




