News

Universitetimizdə “Türk dilləri içərisində Qaqauz türkcəsinin yeri və rolu” adlı seminar keçirilib

Universitetimizdə “Türk dilləri içərisində Qaqauz türkcəsinin yeri və rolu” adlı seminar keçirilib
  • 12 May 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Nəzəri dilçilik və türk dillərinin kafedrasının təşkilatçılığı ilə “Türk dilləri içərisində Qaqauz türkcəsinin yeri və rolu” adlı seminar keçirilib. Seminarda Filologiya fakültəsinin dekanı dosent Salman Süleymanov, dekan müavini Vilayət Məmmədov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Seminarın təşkilinin əsas məqsədi türk dillərinin tarixi inkişaf mərhələlərinin, ortaq dil və mədəniyyət dəyərlərinin araşdırılmasının əhəmiyyətini vurğulamaq olub. Seminar çərçivəsində Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli və kafedranın müəllimi Qubad Cəbrayılov çıxış edərək türk dillərinin Oğuz qrupuna daxil olan dillər, Qaqauz türkcəsinin tarixi inkişaf yolu, qaqauz türklərinin etnogenezi, adət-ənənələri və inancları haqqında ətraflı məlumat veriblər.

Çıxış edənlər Azərbaycanda Qaqauz türklərinin dili, ədəbiyyatı və folklorunun araşdırılması istiqamətində aparılan elmi tədqiqatlardan və bu sahədə fəaliyyət göstərən alimlərin xidmətlərindən bəhs ediblər.

Seminar çərçivəsində Azərbaycanda təhsil almış Qaqauz türkü, dosent Güllü Qərənfilin iştirakı ilə hazırlanmış videoçarx nümayiş olunub. Videoçarxda qaqauz dilinin qorunması, inkişaf etdirilməsi və qloballaşma şəraitində yaşadılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.

Tədbirin bədii hissəsində tələbələrin ifasında Azərbaycan dilində və Türkiyə türkçəsində nağıllar səsləndirilib, daha sonra qaqauz dilində nağıl nümayiş etdirilib. Çıxışlar zamanı hər üç türk dili arasında mövcud olan oxşar və fərqli cəhətlər, xüsusilə ahəng qanunu və bəzi sözlərin müxtəlif dillərdə işlənmə xüsusiyyətləri müzakirə olunub.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Other news