News

Universitetimizin müəllimi beynəlxalq elmi-praktik konfransda çıxış edib

Universitetimizin müəllimi beynəlxalq elmi-praktik konfransda çıxış edib
  • 24 Feb 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Ümumi fənlər kafedrasının müəllimi İmmi Hüseynova Tacikistan Respublikasının Düşənbə şəhərində yerləşən Turizm və Sahibkarlıq Beynəlxalq Universitetinin Elmi-Tədqiqat Turizm və Sahibkarlıq İnstitutunun təşkilatçılığı ilə keçirilən “Dağ turizminin inkişafı problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransda onlayn formatda iştirak edərək məruzə ilə çıxış edib.

Konfransın keçirilməsində əsas məqsəd turizm sektorunun dayanıqlı inkişafı, xüsusilə dağ turizmi sahəsində mövcud problemlərin elmi müstəvidə müzakirəsi, müasir yanaşmaların təqdim olunması və bu istiqamətdə beynəlxalq təcrübə mübadiləsinin aparılması olub.

Konfransda müxtəlif ölkələrin ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarını təmsil edən alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak ediblər. Plenar iclas çərçivəsində turizmin inkişaf strategiyaları, ekoturizm, regional turizm siyasəti, dağ turizminin iqtisadi və sosial təsirləri, eləcə də bu sahədə innovativ yanaşmalarla bağlı məruzələr təqdim olunub. 

BAAU-nun Ümumi fənlər kafedrasının müəllimi İmmi Hüseynova “Azərbaycanda dağ turizminin inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda dağ turizminin mövcud vəziyyəti və potensial imkanları geniş şəkildə təhlil edilib, ölkənin təbii-coğrafi üstünlükləri, turizm infrastrukturunun inkişafı, regionların sosial-iqtisadi inkişafında turizmin rolu və beynəlxalq turizm bazarına inteqrasiya imkanları barədə məlumat verilib. Eyni zamanda dağ turizminin ekoloji turizmin mühüm istiqamətlərindən biri olduğu, ətraf mühitin qorunması, yerli icmaların rifahının yüksəldilməsi və məşğulluğun artırılması baxımından əhəmiyyətli rol oynadığı da vurğulanıb.

Konfrans çərçivəsində iştirakçılar arasında fikir mübadiləsi aparılıb, turizm sahəsində elmi əməkdaşlıq imkanları müzakirə olunub, gələcək birgə tədqiqat istiqamətləri üzrə ilkin razılaşmalar əldə edilib.

Tədbir yekun müzakirələr və tövsiyələrin qəbul edilməsi ilə başa çatıb.

Other news