- 18 Apr 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Ümumi fənlər kafedrasının müəllimi İmmi Hüseynova Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Beynəlxalq Turizm və Sahibkarlıq Universitetində təşkil edilmiş “Davamlı inkişaf üçün tərəfdaşlıq: Yaşıl, Rəqəmsal və Ağıllı Yanaşmalar” adlı beynəlxalq forumda iştirak edib.
Forum davamlı inkişafın aktual problemlərinə həsr olunmuş mühüm beynəlxalq platformalardan biri hesab olunur və burada müxtəlif ölkələrdən olan alimlər, tədqiqatçılar və sahə mütəxəssisləri iştirak ediblər. Forum çərçivəsində müasir dövrdə yaşıl iqtisadiyyatın inkişafı, rəqəmsal transformasiya prosesləri və ağıllı texnologiyaların tətbiqi kimi vacib məsələlər geniş şəkildə müzakirə olunub.
Forum çərçivəsində müxtəlif ölkələrdən olan alim və tədqiqatçılar bir araya gələrək davamlı inkişaf, rəqəmsallaşma və innovativ yanaşmalar mövzularında fikir mübadiləsi aparıblar. Eyni zamanda, iştirakçılar tərəfindən bu sahədə mövcud çağırışlar, yeni inkişaf istiqamətləri və beynəlxalq təcrübələr ətrafında geniş elmi müzakirələr aparılıb, qarşılıqlı əməkdaşlıq imkanları dəyərləndirilib.
İmmi Hüseynova forumda “Turizm sənayesinin davamlı inkişafı: təcrübə və perspektivlər” və “Davamlı inkişafın hüquqi təminatı: rəqəmsallaşma və süni intellekt” adlı məruzələrlə çıxış edib. Məruzələrdə turizm sektorunda dayanıqlı inkişafın təmin olunması yolları, beynəlxalq təcrübə nümunələri, eləcə də rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqinin hüquqi və praktiki aspektləri geniş şəkildə təhlil olunub.




