- 21 Apr 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aytən Abbasova Türk Ocağı İstanbul şöbəsi və İstanbul Ticarət Universitinin birgə əməkdaşlığı ilə İstanbulda keçirilən “1924-1945-ci illərdə Sovetlər Birliyində yaşanan böyük repressiyalar və sürgünlər” adlı beynəlxalq simpoziumda iştirak edib.
BAAU-nun baş müəllimi Aytən Abbasova repressiya siyasətinin tarixi, hüquqi və sosioloji aspektlərdən əhatəli şəkildə dəyərləndirildiyi simpoziumda “Cengiz Dağcının “İxtiyar savaşçı” romanında Krım türklərinin sürgün faciəsi: tarixi gerçəklik və bədiilik” adlı məqalə ilə çıxış etmiş, 1944-cü ilin 18 mayında Krım türklərinin doğma torpaqlarından sürgün olunmasının Cengiz Dağcının romanlarında tarixi gerçəkliklər fonunda bədii əksi məsələlərinə toxunmuşdur.
Simpoziumda həmçinin 1924–1945-ci illər arasında Sovet İttifaqında həyata keçirilən repressiya və sürgünlər, xüsusilə də Stalin dövründə institusional xarakter alan repressiya mexanizmləri türk xalqlarının milli-mənəvi dəyərlərinə vurulan ağır zərbə və digər mövzularda çıxışlar da dinlənilib.
Simpoziumun sonunda bütün iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.




