News

Universitetin müəllimi Polşada keçirilən “Beynəlxalq Həftə”də iştirak edib

Universitetin müəllimi Polşada keçirilən “Beynəlxalq Həftə”də iştirak edib
  • 24 Apr 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Sosial və siyasi fənlər kafedrasının baş müəllimi Roman Ağayev Polşanın Vrotslav Universitetinin (UW) təşkilatçılığı ilə keçirilən “Beynəlxalq Həftə”nin iştirak edib. Sözügedən tədbirdə Azərbaycan, Meksika, Çili, Misir və 10-dan artıq Avropa ölkəsindən 20-dən çox qonaq iştirak edib. 

Açılış mərasimində UW Beynəlxalq Ofisinin direktoru xanım Urşula Broda beynəlxalq təcrübə mübadiləsində iştirak edən akademik-inzibati heyətin qatıldığı intensiv proqramın gündəliyindən məlumat verib. Daha sonra qonaqlar təmsil etdikləri müxtəlif təhsil ocaqları barədə təqdimatlarla çıxış ediblər. BAAU-nin videotəqdimatı böyük maraqla izlənilib, Roman Ağayev məzunu olduğu və hal-hazırda çalışdığı Universitet haqqında ətraflı məlumat verib, müxtəlif sualları cavablandırıb. 

Elə həmin gün UW Avropaşünaslıq İnstitutunun direktor müavini, doktor Yakub Bornionun dəvəti ilə Roman Ağayev Universitetin əcnəbi tələbələri qarşısında “Azərbaycan-Ermənistan: ağır qonşuluqdan dinc əməkdaşlığa doğru” mövzusunda mühazirə ilə çıxış edib. R.Ağayevin auditoriyanın marağına səbəb olan təqdimatı mövzu ətrafında maraqlı sualların cavablandırılması ilə davam etdirilib. “Beynəlxalq Həftə”nin birinci günü Azərbaycan şirniyyatı və çayının da yer aldığı “Dünya mətbəxindən qəlyanaltılar” adlı tədbirlə yekunlaşıb.

Növbəti günlərdə “Sağlamlıq və iş-şəxsi həyat balansı” mövzusunda Pyotr Gospodarçıkın rəhbərlik etdiyi “Ritm Məktəbi”nin təşkilatçılığı ilə aktiv seminarlar keçirilib. Vrotslavı ziyarət edən tədbir iştirakçıları üçün həmçinin şəhər gəzintisi düzənlənib, rəsmi ziyafət verilib. 

Tədbir “Beynəlxalq Həftə”nin bütün iştirakçılarının müvafiq sertifikatlarla mükafatlandırılması ilə başa çatıb. 

Other news