News

Universitetin müəllimi Rumıniyada beynəlxalq təcrübə mübadilə proqramında iştirak edib

Universitetin müəllimi Rumıniyada beynəlxalq təcrübə mübadilə proqramında iştirak edib
  • 08 May 2026

Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Tərcümə kafedrasının baş müəllimi Esmira Səfərova Rumıniya – Amerika Universiteti tərəfindən təşkil olunan “RAU Beynəlxalq Tədris həftəsi 2026” beynəlxalq proqramında iştirak edib. Proqram çərçivəsində müxtəlif ölkələrdən olan akademik heyət nümayəndələri bir araya gələrək tədris metodları, beynəlxalq əməkdaşlıq imkanları və təhsil sahəsində müasir yanaşmalar ətrafında fikir mübadiləsi aparıblar.

Tədbirin açılış mərasimində iştirakçılar üçün Buxarest şəhəri və Rumıniyanın təhsil sistemi haqqında təqdimatlar keçirilib. Daha sonra müxtəlif universitet nümayəndələrinin iştirakı ilə keçirilən təcrübə mübadiləsi sessiyalarında müasir tədris metodları və tələbəyönümlü yanaşmalar müzakirə olunub.

Proqram çərçivəsində Esmira Səfərova BAAU haqqında təqdimatla çıxış edib, universitetin beynəlxalq əlaqələri, tədris imkanları və akademik fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Bununla yanaşı, o, akademik ingilis dili mövzusunda mühazirə təqdim edərək müasir tədris metodları, akademik yazı və kommunikasiya bacarıqları ilə bağlı fikirlərini bölüşüb. Mühazirə interaktiv formada təşkil olunub, tələbələrlə qarşılıqlı müzakirələr aparılıb, müxtəlif praktik tapşırıqlar və fikir mübadiləsi həyata keçirilib. 

Səfər çərçivəsində Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov Esmira Səfərovanı qəbul edib. Görüş zamanı Esmira Səfərova BAAU haqqında ətraflı məlumat təqdim edib.

Sözügedən beynəlxalq proqramda iştirak BAAU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi, yeni akademik tərəfdaşlıqların qurulması və tədris sahəsində beynəlxalq təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Other news