- 13 Feb 2026
Bakı Avrasiya Universitetində (BAAU) “HRM Mini MBA” proqramının məzunlarının sertifikatla təltif olunması mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Səyavuş Qasımov məzunları proqramı uğurla başa vurmaları münasibətilə təbrik edib. Rektor çıxışında insan resurslarının idarə edilməsi sahəsində peşəkar və strateji yanaşmanın əhəmiyyətini vurğulayıb, “HRM Mini MBA” proqramının əmək bazarının tələblərinə cavab verən, müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasına töhfə verdiyini diqqətə çatdırıb.
Daha sonra “HRM Mini MBA” proqramının rəhbəri və təlimçisi, dosent Afaq Hüseyn çıxış edərək proqramın məqsəd və vəzifələri, tədris prosesi, tətbiq olunan metodologiyalar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O, proqramın iştirakçılara həm nəzəri biliklərin, həm də praktik idarəetmə bacarıqlarının aşılanmasına yönəldiyini bildirib.
Tədbir çərçivəsində proqramın təlimçiləri Nərgiz Seyidzadə və Sevda Məmmədova çıxış edərək məzunları təbrik edib, təlim çərçivəsində əldə etdikləri yeni bilik və təcrübələri öz işlərində tətbiq edib şirkətlərin insan resurslarının idarə edilməsi sahəsində töhfələr verəcəklərini qeyd edərək hər bir məzuna gələcək peşə fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə bir neçə məzun da çıxış edərək “HRM Mini MBA” proqramının əhəmiyyətini və onlara qazandırdıqları yeni bilik – təcrübələri, proqram çərçivəsində qurulmuş yeni əməkdaşlıqların, həmçinin gələcək karyeralarında müsbət dəyişikliklərin olacaqlarına inandıqlarını vurğulayıblar. Çıxışlarda sözügedən proqramın karyera inkişafına verdiyi töhfə xüsusi qeyd olunub, universitet rəhbərliyinə və təlimçi heyətinə təşəkkürlər edilib.
Sonda “HRM Mini MBA” proqramını uğurla başa vuran məzunlara sertifikatlar təqdim olunub. Tədbir xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.




