News

Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib
  • 25 Feb 2026

Bakı Avrasiya Universitetində (BAAU) “Əsrin faciəsi - Xocalı” mövzusunda anım tədbiri təşkil olunub. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən universitetin Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova Xocalı faciəsinin Azərbaycan xalqının tarixində ən ağır və faciəli səhifələrdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, 1992-ci ilin fevralında dinc əhaliyə qarşı törədilmiş bu amansız qətliam yalnız bir şəhərin deyil, bütövlükdə bəşəriyyətin faciəsidir. Gülzar İbrahimova Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasının, bu hadisələrə hüquqi-siyasi qiymətin verilməsinin vacibliyini diqqətə çatdıraraq, gənclərin milli-mənəvi dəyərlərə sadiq ruhda yetişdirilməsində belə tədbirlərin mühüm rol oynadığını bildirib.

Tədbir çərçivəsində çıxış edən “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin həmtəsisçisi, Birinci Qarabağ müharibəsi veteranı, təşkilatın Ağsaqqallar Şurasının sədri Çingiz Bayramov Xocalı hadisələrinin şahid ifadələri, beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər və tarixi həqiqətlərin qorunmasının vacibliyi barədə ətraflı məlumat verib.

Daha sonra Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Sosial və siyasi fənlər kafedrasının dosenti Talıblı Sübhan, həmin fakültənin Ümumi fənlər kafedrasının müəllimi Məleykə Adıgözəlova və Sosial və siyasi fənlər kafedrasının baş müəllimi Roman Ağayev çıxış edərək Xocalı faciəsinin siyasi-tarixi aspektləri, beynəlxalq hüquq baxımından qiymətləndirilməsi barədə fikirlərini bölüşüblər.

Tədbir Xocalı şəhidlərinin əziz xatirəsinin dərin ehtiramla yad edilməsi ilə yekunlaşıb.

Other news