News

“Xocavənd rayonu toponimlərinin linqvistik təhlili” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib

“Xocavənd rayonu toponimlərinin linqvistik təhlili” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib
  • 26 Dec 2025

Bakı Avrasiya Universitetində (BAAU) Nəzəri dilçilik və türk dilləri kafedrasının dissertantı Nuranə Allahverdiyevanın 5706.01 – “Azərbaycan dili” ixtisası üzrə yerinə yetirdiyi “Xocavənd rayonu toponimlərinin linqvistik təhlili” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

İlkin müzakirə Nəzəri dilçilik və türk dilləri kafedrasının professor-müəllim heyətinin, elmi rəhbərin və rəsmi rəyçilərin iştirakı ilə təşkil olunub.

Müzakirə zamanı iddiaçı Nuranə Allahverdiyeva tədqiqatın məqsəd və vəzifələrini, elmi-nəzəri əsaslarını, metodoloji yanaşmalarını, habelə Xocavənd rayonu toponimlərinin etimoloji, semantik və struktur xüsusiyyətlərini əhatə edən araşdırma nəticələrini sistemli şəkildə təqdim edib. Dissertasiya işində toponimlərin tarixi-mədəni kontekstdə öyrənilməsinin Azərbaycan dilçiliyində aktual problemlərdən biri olduğu əsaslandırılıb, əldə olunmuş elmi nəticələrin dilçilik, toponimika və regional onomastik tədqiqatlar baxımından əhəmiyyəti xüsusi vurğulanıb. Tədqiqat işi ilə bağlı elmi yeniliklər müzakirə iştirakçıları ilə bölüşülüb.

Müzakirənin sonunda Nuranə Allahverdiyevanın 5706.01 – “Azərbaycan dili” ixtisası üzrə “Xocavənd rayonu toponimlərinin linqvistik təhlili” mövzusunda yerinə yetirdiyi dissertasiya işinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya üzrə fəlsəfə doktoru dissertasiyalarına qoyduğu tələblərə cavab verdiyi qənaətinə gəlinib və işin növbəti mərhələyə buraxılması tövsiyə olunub.

Other news