- 29 Mar 2024
Bakı Avrasiya Universitetində “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində “İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) və Riyaziyyatın Müasir Sinergiyası” mövzusunda Respublika konfransı keçirilib
Bakı Avrasiya Universitetində 29 mart 2024-cü il tarixində universitetin “Riyaziyyat və İKT” kafedrasının təşkilatçılığı ilə “İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) və Riyaziyyatın Müasir Sinergiyası” mövzusunda gerçəkləşən Respublika konfransı “Yaşıl Dünya naminə həmrəylik ili”çərçivəsində Azərbaycan Respublikasında keçirilməsi planlaşdırılan tədbirlər planına uyğun olaraq gerçəkləşdirilib.
Konfransın açılış mərasimində universitetin elmi işlər üzrə prorektoru, siyasi elmlər doktoru professor Gülzar İbrahimova iştirakçıları və qonaqları universitetin rektoru professor Nazim Hüseyinli adından və öz adından salamlayaraq konfransın keçirilməsinin məqsədləri barədə məlumat verib və qeyd edib ki, Riyaziyyat və İKT həllərinin müxtəlif istiqamətlərdə tətbiqinə nail olmaq üçün bu gün böyük işlər həyata keçirilir, odur ki, konfransa təqdim edilən məruzələr özündə mühüm məsələləri əks etdirir. Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı, f.e.n., dosent Mütəllim Rəhimov konfransın əhəmiyyətini tətbiqi nümunələrlə iştirakçılara təqdim edib.
Plenar iclasda “Azİn Telecom” MMC-nin bölmə rəhbəri, ekspert Elşən İsmayılov, aparıcı mütəxəssisi, ekspert Aynur İsmayılzadə, layihə meneceri, ekspert Tural Sevdimalıyev mövzunun müxtəlif tərəflərini işıqlandıran məsələlərlə bağlı çıxışlar ediblər. “Riyaziyyat və İKT” kafedrasının müəllimi, ekspert Abbasov Həbib Həsən oğlunun “Rəqəmsal İmza və SSL sertifikatlarının WEB-TRUST tələblərində informasiya təhlükəsizliyi”ni özündə ehtiva edən təqdimatı konfrans iştirakçılarında geniş maraq oyadıb.
Konfrans i.ü.f.d., M.M.Qurbanova və i.e.n.,dos., A.M.Həsənovanın sədrliyi ilə 2 bölmə üzrə işini davam etdirib. BAAU-nun, habelə, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin müəllim və magistrantlarının müvafiq istiqamətlər üzrə bir-birindən maraqlı məruzələri dinlənilib. Sonda konfrans iştirakçılarına ölkəmizdə informasiya kommunikasiya texnologiyalarının inkişaf tarixinə həsr olunmuş video çarx nümayiş etdirilib. Konfrans öz işini uğurlu şəkildə başa çatdırıb.