- 10 Dec 2024
Bakı Avrasiya Universitetinin (BAAU) əməkdaşları Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkil etdiyi "Ali təhsil müəssisəsində daxili keyfiyyət təminatı mexanizmləri", "Ali təhsil müəssisəsinin strateji planlaması və idarəedilməsi" və "Sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi" mövzularında təlimləri uğurla tamamlayıblar. Bu münasibətlə dekabrın 9-da universitetdə sertifikat təqdimetmə tədbiri keçirilib.
Tədbirdən öncə BAAU-nun rəhbərliyi ilə TKTA-nın nümayəndə heyəti arasında görüş təşkil edilib. Görüşdə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov, Tədris işləri üzrə prorektor, dosent Nigar Hüseynova, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva, həmçinin TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Elçin Cəfərov, baş məsləhətçi Vəfadar Rizvanlı, böyük məsləhətçi Bəyim Abdulla və aparıcı mütəxəssis Xədicə Kərimova iştirak ediblər. Görüş zamanı hər iki qurumun fəaliyyət sahələrini gücləndirmək, universitetin akademik və inzibati heyətinə keyfiyyət təminatı, qiymətləndirmə və digər istiqamətlərdə təlimlərin keçirilməsi barədə geniş müzakirələr aparılıb.
Sonra, sertifikat mərasimində təlimləri müvəffəqiyyətlə bitirən əməkdaşlara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlimlər BAAU və TKTA arasında 2023-cü il 23 yanvar tarixində imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində təşkil olunub. Bu əməkdaşlıq təhsildə keyfiyyətin təmin edilməsi, idarəetmə proseslərinin təkmilləşdirilməsi və təhsil sahəsində müasir yanaşmaların tətbiqinə mühüm töhfə verir.