- 09 Dec 2024
Bakı Avrasiya Universitetində (BAAU) Nəzəri dilçilik və türk dilləri kafedrasının təşkilatçılığı ilə "Məhəmməd Füzulinin poetik dili" adlı bədii tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan tədbirdə universitetin Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqində BAAU-nun Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli, Tədrisin təşkili departamentinin rəhbəri Natella Quliyeva və fil.ü.f..d., baş müəllim İlhamə Şıxıyeva çıxışlar ediblər. Tədbirdə Azərbaycan klassik ədəbiyyatının görkəmli simalarından olan dahi Fülulinin öz doğma ana dilində yazıb-yaratmağa daha çox üstünlük verməsi, qədim köklərə malik Azərbaycan ədəbi dilinin formalaşmasındakı əhəmiyyəti, Azərbaycan mədəniyyətinin, Şərq mədəniyyətinin izlərini özündə daşıyan yaradıcılığı haqqında bir-birindən maraqlı fikirlər səslənib. Füzuli poeziyasının milli dəyərlərimizin qorunması və təbliğində oynadığı roldan bəhs edilib. Füzulinin əsərləri təkcə Azərbaycan xalqı üçün deyil bütün bəşəriyyət üçün çox qiymətli olduğunu qeyd edilib və onun dilinin, üsübunun nadirliyi məhz bu universal dəyərlərin daşıyıcısı kimi çıxış etdiyini diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsində tələbələr Füzulinin əsərlərindən seçmələr səsləndiriblər. "Ya rəbb, bəlayi eşq ilə qıl aşina məni", "Can vermə qəmi eşqə ki...", "Pəmbeyi-daği cünun içrə nihandır bədənim", "Söz", "Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm" və s. kimi qəzəlləri səsləndiriblər. Daha sonra tələbələr "Füzulinin dilində poetik fiqurlar", "Füzulinin dilində xalq deyimləri", "Füzulinin dilində arxaizmlər" mövzularında təqdimatlarla çıxış ediblər.
Sonda bədii tədbirin ərsəyə gəlməsində pay sahibi olanlar təltif edilib, xatirə şəkilləri çəkilib.