- 12 Dec 2024
Bakı Avrasiya Universitetində (BAAU) Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları professor Hikmət Məmmədov və Samir Vəliyev, Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, universitetin akademik-inzibati heyəti və tələbələr iştirak ediblər.
Öncə Ulu öndərin büstü önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi dərin hörmətlə anılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqində BAAU-nun rektoru dosent Sayavuş Qasımov Ümummilli liderin Azərbaycan dövlətçiliyinin inkişafında və milli ideologiyanın təşəkkülündəki misilsiz rolundan söhbət açıb. O, Heydər Əliyevin zəngin irsinin gənc nəsilə öyrədilməsinin əhəmiyyətini vurğulayaraq, onun rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişaf yoluna qədəm qoyduğunu bildirib.
Milli Məclisin deputatı professor H.Məmmədov çıxışında dahi şəxsiyyətin liderlik qabiliyyətinin Azərbaycanın müstəqilliyinin qorunmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində əhəmiyyətindən bəhs edib. O, Ümummilli Liderin xalqı vahid ideologiya ətrafında birləşdirərək ölkəni təhlükəsiz bir sabitliyə çatdırdığını və bunun üçün həm milli, həm də beynəlxalq səviyyədə ardıcıl siyasət həyata keçirdiyini diqqətə çatdırıb.
Millət vəkili S.Vəliyev öz çıxışında Ümummilli lider Heydər Əliyevin yalnız XX əsrin deyil, həm də müasir dövrün ən böyük liderlərindən biri olduğunu qeyd edib. O, Ulu Öndərin ölkəmizi xaos və parçalanma təhlükəsindən xilas edərək, Azərbaycanı yeni inkişaf mərhələsinə çıxardığını vurğulayıb.
YAP-ın Nərimanov rayon təşkilatının sədri E.Quliyev çıxışında ulu öndər Heydər Əliyevin liderliyinin təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qürur mənbəyi olduğunu bildirib. O, Ümummilli Liderin həm sovet, həm də müstəqillik dövründə Azərbaycan xalqına xidmətlərindən danışaraq, onun siyasi irsinin bu gün də dövlətin inkişafı üçün əsas dayaq olduğunu qeyd edib.
BAAU-nun Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri dosent Aybəniz Rüstəmova çıxışında dahi şəxsiyyətin multikulturalizm və tolerantlıq prinsiplərini əsas tutaraq Azərbaycanın mövcudluğunun qorunub saxlanılmasında müstəsna rol oynadığını qeyd edib. O, Ulu Öndərin idarəçilik bacarığının və strateji düşüncəsinin Azərbaycan dövlətçiliyinin əsaslarını möhkəmləndirdiyini bildirib.