- 21 Oct 2025
Bakı Avrasiya Universiteti (BAAU) və “Ahəng” Psixoloji İnkişaf və Dəstək İctimai Birliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənəd BAAU-nun rektoru, dosent Səyavuş Qasımov və “Ahəng” Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin sədri Vüsalə Əmiraslanova tərəfindən imzalanıb.
Əməkdaşlığın əsas məqsədi tələbələrin sosial və psixoloji sahələrdə bilik və bacarıqlarının inkişaf etdirilməsi, praktik təcrübə qazanması, eləcə də gənclərin psixososial rifahının gücləndirilməsidir.
İmzalanan memorandum çərçivəsində tərəflər arasında sosial iş və psixologiya istiqamətində tədris, təcrübə və könüllülük fəaliyyətlərinin genişləndirilməsi planlaşdırılır. “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin “Ahəng” Psixoloji İnkişaf və Dəstək İctimai Birliyində təşkili onların real iş mühitinə adaptasiyasına və praktik bacarıqlarının inkişafına şərait yaradacaq. Bununla yanaşı BAAU tələbələrinin “Ahəng” Psixoloji İnkişaf və Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən sosial layihələrdə, maarifləndirici tədbirlərdə və psixoloji dəstək proqramlarında könüllü kimi iştirakı da nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində birgə tədbir və layihələrin reallaşdırılması, o cümlədən tələbələrin sosial və psixoloji rifahının artırılmasına yönəlmiş forum və təlimlərin təşkili də planlaşdırılır.
Tərəflər arasında imzalanan memorandum BAAU tələbələrinin sosial məsuliyyət, könüllülük və peşəkar inkişaf dəyərlərinin möhkəmləndirilməsinə, onların psixoloji rifahının və fərdi inkişafının dəstəklənməsinə xidmət edəcək.




