Xəbərlər

BAAU-nun təşkilatçılığı ilə “İnternetin geoiqtisadiyyatı və geosiyasəti” mövzusunda onlayn seminar keçirilib

BAAU-nun təşkilatçılığı ilə “İnternetin geoiqtisadiyyatı və geosiyasəti” mövzusunda onlayn seminar keçirilib
  • 09 Jan 2025

Bakı Avrasiya Universitetinin (BAAU) İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Geoeconomics and Geopolitics of The Internet (İnternetin geoiqtisadiyyatı və geosiyasəti)" mövzusunda ilk onlayn seminar baş tutub. “ZOOM” platforması üzərindən onlayn formatda keçirilən seminarda universitetin akademik-inzibati heyəti, tələbə və magistrantlar iştirak edib.
Seminarı giriş nitqi ilə açıq elan edən BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Sevda Rzayeva iştirakçıları salamlayaraq seminarın əhəmiyyətindən danışıb. Daha sonra söz BAAU-nun İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri və Anadolu Universitetinin professoru Cem Işığa verilib. O, rəhbərlik etdiyi Mərkəzin missiyası və planlaşdırılan işlər haqqında iştirakçılara məlumat verib. Cem Işıq Mərkəzin 2 aya yaxın müddətdir fəaliyyət göstərməsinə baxmayaraq milli və beynəlxalq əməkdaşlıqları gücləndirmək, iqtisadi tədqiqatlar sahəsində innovativ yanaşmaların tətbiqini genişləndirmək məqsədilə aktiv çalışdığını vurğulayıb və artıq bir sıra əhəmiyyətli nailiyyətlərə imza atıldığını qeyd edib.
C.Işığın moderatorluğunda keçən seminarda Nyu-York Texnologiya İnstitutunun professoru Tunç Özelli məruzə ilə çıxış edib. Məruzədə internetin qlobal iqtisadi və siyasi münasibətlərdə oynadığı mühüm rol ətraflı şəkildə təhlil edilib. İnternetin transmilli ticarətə, informasiya axınına və maliyyə sistemlərinə təsiri, eləcə də bu sahələrdəki geosiyasi rəqabət diqqətə çatdırılıb. İnternetin geoiqtisadiyyatına dair nəzəri və praktiki yanaşmalar təqdim edilərək, informasiya texnologiyalarının müxtəlif ölkələrin iqtisadi və siyasi maraqlarını necə formalaşdırdığına dair maraqlı nümunələr göstərilib.
Seminar mövzu ilə bağlı iştirakçıları maraqlandıran sualların cavablandırılması və mövzu ətrafında müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun olaraq seminar və ustad dərslər silsilə şəklində davam etdiriləcək.

Digər Xəbərlər