- 29 Dec 2024
Bakı Avrasiya Universitetində (BAAU) əməkdaşlar arasında keçirilmiş nominasiyalar üzrə sorğunun nəticələrinə əsasən qaliblərin və 2024-cü ilin iş uğurlarına görə fərqlənən işçilərin təltifetmə mərasimi keçirilib.
Təltifetmə mərasiminin açılışında çıxış edən BAAU-nun rektoru, dosent Səyavuş Qasımov 2024-dü ilin yekunlarını yüksək qiymətləndirərək, kollektivin və tələbələrin müxtəlif istiqamətlərdəki töhfələrinin universitetin inkişafında mühüm rol oynadığını vurğulayıb.
BAAU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeç, Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli kadr hazırlığı və universitetin ictimai həyatında fəal iştiraka, Layihələrin idarə olunması və akademik mobillik sektorunun müdiri Aygül Əhmədova universitetin beynəlmilləşmə siyasətinin həyata keçirilməsindəki fəaliyyətinə, Keyfiyyət təminatı sektorunun müdiri Esmira Talıbova təhsilin keyfiyyətinin artırılması istiqamətində gördüyü işlərə və İnformasiya texnologiyaları sektorunun müdiri Tamerlan Şahbazlı Universitetin rəqəmsallaşdırma prosesindəki mühüm töhfələrinə görə təltif ediliblər.
Bununla yanaşı, universitet əməkdaşları arasında müxtəlif nominasiyalar üzrə keçirilən səsvermənin nəticələrinə əsasən I yerin sahibləri təltif ediliblər. Belə ki, soğrunun səsvermənin nəticələrinə əsasən “İlin lideri” BAAU-nun Tələbə Gənclər Təşkilatının sədri Fidan Əzizova, “İlin gizli qəhrəmanı” rektorun köməkçisi Aysel Əlili və “İlin yaradıcı işçisi” isə İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Qurban Qurbanzadə seçilib.