- 26 May 2022
BAAU-nin “Humanitar fənlər və regionşünaslıq” kafedrasının əməkdaşları - t.ü.f.d., baş müəllim Jalə İsmayılova və t.ü.f.d. Aygün Kamandari-Məmmədovanın mühazirələri dinlənilmişdir.
J.İsmayılova “Qarabağın döyünən qəlbi-Şulşa” adlı mühazirəsində geoloji yaşı çox qədim olan Şuşanın tarixindən, Şuşa adının yaranmasından, sözün etimologiyasından, qədim türk yurdu olan Şuşa şəhərinin salınmasından, siyasi tarixindən bəhs etmiş, Şuşanın relyefi, valehedici təbiəti, heyvanat aləmi, Daşaltı kəndindəki mağaraları, bulaqları (Turşsu, İsa bulağı, Xanqızı bulağı, ) sıldırım qayaları barədə məlumat vermiş, mövzu üzrə hazırlanmış təqdimatı dinləyicilərin nəzərinə çatdırmışdır.
J.İsmayılova Şuşa şəhərinin əhalisinin milli, sosial tərkibindən bəhs etmiş, Şuşa toponimlərinin türk mənşəli olmasını əyani sübut kimi təqdim edərək əsaslandırmışdır.
Mühazirəçi J.İsmayılova çıxışı zamanı əcnəbi səyyahların, yerli müəlliflərin Şuşa ilə bağlı tədqiqatlarından da sitat gətirmiş, eyni zamanda Şuşanın zəngin maddi irsi olan abidələr barədə də ətraflı məlumat vermişdir.
J.İsmayılova Azərbaycanın ədəbi mərkəzi, musiqi beşiyi kimi Şuşanın əhəmiyyətini izah etmiş və çıxışını ən yeni tariximizin şanlı səhifəsi - Şuşa zəfərinin tarixi siyasi təhlilini apararaq yekunlaşdırmışdır.
T.ü.f.d. Aygün Kamandarı-Məmmədova azad Şuşamızda cari il ərzində görülən işlər, keçirilən təbir və festivallar barədə maraqlı çıxış etmişdir.