- 18 Feb 2025
Bakı Avrasiya Universitetində (BAAU) tələbələrin startap və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək məqsədilə elan edilmiş “Mini-Startap Proqramı”na start verilib. BAAU-nun İnnovasiya sektorunun təşkilatçılığı ilə keçirilən 3 aylıq intensiv proqram çərçivəsində tələbələrə startap düşüncə tərzini aşılamaq və onların sahibkarlıq sahəsində ilkin bilik - bacarıqlarını formalaşdırmaq üçün nəzərdə tutulub.
Proqramın ilk günü "Divida Ventures" rəhbəri Mübariz Şahbazlı iştirakçılara startap anlayışı, onun növləri, innovasiya və layihə arasındakı fərqlər barədə geniş məlumat verib. Proqramın ilk ayında M.Şahbazlı iştirakçılara startap ekosistemində komanda quruculuğu, ideya inkişafı, bazar və rəqib araşdırması, ideyadan startapa gedən yolla bağlı bilik və bacarıqlar qazandıracaq.
Üç ay davam edəcək proqram çərçivəsində iştirakçılar fərqli təlimçilərin iştirakı ilə nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar üzərində də çalışacaq, ilkin məhsul formalaşdırmaq üçün real təcrübə qazanacaqlar.
Qeyd edək ki, “Mini-Startap Proqramı”na müraciət edənlər içərisindən ən uyğun BAAU-nun 15 tələbəsi seçilərək 3 aylıq proqramda iştirak etmək haqqı qazanıb. Proqramı uğurla bitirən tələbələr sertifikatla təltif ediləcək və onlara BAAU-nun İnnovasiya sektoru tərəfindən mentorluq dəstəyi də göstəriləcək.