- 20 Feb 2025
Bakı Avrasiya Universitetinin (BAAU) Biznes və Menecment kafedrasının təşkilatçılığı ilə 17 Fevral – Qlobal Turizm Dayanıqlılığı Gününə (Global Tourism Resilience Day) həsr edilmiş “Qlobal turizm dayanıqlılığı” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (ASTTDA) sədri Ruslan Quliyev və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müəllimi Murad Rizvanqaya, BAAU-nun akademik-inzibati heyəti və tələbələr iştirak edib.
Tədbiri giriş nitqi ilə açan BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Sevda Rzayeva dayanıqlı turizmin müasir dövrdə qlobal əhəmiyyətindən bəhs edərək, bu sahədə aparılan tədqiqatların və təcrübələrin önəmini vurğulayıb. O, dayanıqlı turizmin ekoloji, sosial və iqtisadi aspektlərini nəzərə almağın vacibliyini qeyd edərək, bu istiqamətdə universitetin elmi fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Sonra Biznes və Menecment kafedrasının müdiri dos. Mətanət Qurbanova çıxış edərək tədbirin məqsədi, dayanıqlı turizmin inkişaf perspektivləri və bu sahədə tələbələrin rolu haqqında danışıb. O, dayanıqlı turizmin yalnız iqtisadi gəlirlilik deyil, həm də mədəni irsin qorunması və ekoloji tarazlığın saxlanılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra ASTTDA-nın sədri R.Quliyev və ATMU-nun müəllimi M.Rizvanqaya öz çıxışlarında dayanıqlı turizmin beynəlxalq təcrübədə tətbiqi, bu sahədə mövcud problemlər və onların həlli yolları barədə məlumat veriblər. Turizm inkişafında dövlət-özəl sektor əməkdaşlığı, məsuliyyətli turizm anlayışının mahiyyəti barədə fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində "Turizm işinin təşkili" ixtisası üzrə təhsil alan tələbələr təqdimatla çıxışlar edib, video-çarx nümayiş olunub.
İştirakçılar tərəfindən maraqla qarşılanan tədbirdə suallar cavablandırılıb.
Qeyd edək ki, BAAU-da Dayanıqlı İnkişaf Məqsədlərinin təhsilalanlar arasında təbliğinə xüsusi önəm verilir və bu istiqamətdə maarifləndirici tədbirlərin təşkili daim diqqət mərkəzində saxlanılır.