XƏBƏRLƏR

“BAAU 2026 Məzun Forumu” keçirilib

“BAAU 2026 Məzun Forumu” keçirilib
  • 08 May 2026

Bakı Avrasiya Universiteti (BAAU) Dövlət Məşğulluq Agentliyi (DMA) ilə birlikdə universitetin tələbə və məzunları üçün “BAAU 2026 Məzun Forumu” təşkil edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BAAU-nun rektoru, dosent Səyavuş Qasımov bildirib ki, məzunlarımızın dövlət və özəl sektorda əldə etdikləri nailiyyətlər təhsil müəssisəsinin inkişaf strategiyasının uğurlu nəticəsidir. Rektor, həmçinin məzunlarla davamlı əlaqələrin qurulmasının, onların peşəkar inkişafının izlənilməsinin və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının universitetin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. 

Forum çərçivəsində çıxış edən DMA-nın Sosial Tərəfdaşlarla İş Departamentinin müdiri Saleh Həsənov ali təhsil müəssisələri ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsinin vacibliyindən danışıb. O qeyd edib ki, gənclərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi, onların əmək bazarının müasir tələblərinə uyğun hazırlanması və məşğulluq imkanlarının artırılması istiqamətində ali təhsil müəssisələri ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Forumu 2 paneldə və fərqli mövzular əsasında BAAU-nun Karyera və təlim mərkəzinin müdiri Natiq Xəlilovun moderatorluğu ilə təşkil olunub. Panelin 1-ci hissəsində Azərsun Holdinqin İşə qəbul və adaptasiya departamentinin müdiri Fərid Tağıyev, Digital Academy Baku MMC-nin təsisçisi və direktoru, beynəlxalq sertifikatlı kouç Afaq Hüseyn, ABB-nin İşə qəbul və planlaşdırma şöbəsinin müdiri Rəna Məmmədli, 2-ci paneldə isə BAAU-nun məzunu və universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva, BAAU-nun məzunu və BDU-nun Hüquq fakültəsinin müəllimi Əlövsət Allahverdiyev və Paşa Holdinqin İnsan resursları üzrə Biznes partnyoru Ruhəngiz Əsgərova çıxış ediblər. 

Spikerlərin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbir iştirakçıların suallarının cavablandırılması və xatirə şəkilin çəkdirilməsi ilə yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR