- 12 Nov 2026
Bakı Avrasiya Universiteti (BAAU) konsolidasiya edilmiş h-indeksi əsasında Azərbaycan alimlərin, tədqiqat qruplarının və təşkilatların elmi məhsuldarlığını qiymətləndirməyə yönəlmiş “Azərbaycan Milli H-index Ranking” adlı müstəqil beynəlxalq reytinqdə irəliləyiş əldə edib. Belə ki, universitetimiz 2025-ci ilin 4-cü rübündəki 38-ci mövqeyindən 2026-cı ilin 4-cü rübünə 10 pillə irəliləyərək 28-ci mövqeydə qərarlaşıb.
Universitetimizin həmçinin “Azərbaycan Milli H-index Ranking”də “Yüksək elmi potensial” kateqoriyasında yer alması elmi-tədqiqat fəaliyyətinin inkişafı istiqamətində əldə etdiyi mühüm nailiyyətlərdən biridir. BAAU-nun “Yüksək elmi potensial” nominasiyasında qərarlaşması universitetdə elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, beynəlxalq indeksli nəşrlərin sayının artırılması, eləcə də akademik heyətin elmi fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən sistemli tədbirlərin nəticəsi kimi qiymətləndirilir. Bu uğur universitetin ölkənin elmi və akademik məkanında mövqeyinin daha da gücləndiyini nümayiş etdirir.
Reytinq göstəricilərində müşahidə olunan bu yüksəliş son illərdə universitetdə həyata keçirilən məqsədyönlü elmi siyasətin, sistemli tədqiqat fəaliyyətinin və beynəlxalq elmi əməkdaşlıqların səmərəli nəticəsi kimi qiymətləndirilir. H-indeks üzrə əldə olunan irəliləyiş BAAU alim və tədqiqatçılarının elmi işlərinin beynəlxalq platformalarda daha geniş tanınması və universitetin qlobal elmi bazalarda təmsilçiliyinin artması ilə birbaşa bağlıdır.




