XƏBƏRLƏR

BAAU-da “Bir Vətən, Bir Bayraq, Bir And” adlı tədbir keçirilib

BAAU-da “Bir Vətən, Bir Bayraq, Bir And” adlı tədbir keçirilib
  • 06 Nov 2026

Bakı Avrasiya Universitetində (BAAU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Bir Vətən, Bir Bayraq, Bir And” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən BAAU-nun Ümumi fənlər kafedrasının mülki müdafiə müəllimi, ehtiyatda olan polkovnik-leytenant Novruz İsmiyev Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli birliyindən, Vətən müharibəsində nümayiş etdirilən qəhrəmanlıq və fədakarlıq nümunələrindən bəhs edib.

Daha sonra iştirakçılara Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova çıxışında 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli birliyin və xalqımızın qürurunun təcəssümü baxımından əhəmiyyətini vurğulayıb. O, Zəfərin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində qazanıldığını diqqətə çatdırıb.

Həmçinin şəhidlərin xatirəsinin daim uca tutulmasının və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyinə diqqət çəkib.

Daha sonra BAAU-nun Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova Zəfər Gününün tarixi-siyasi əhəmiyyətindən, milli yaddaşımızda tutduğu yerdən və bu qələbənin gələcək nəsillər üçün daşıdığı mənəvi dəyərdən danışıb.

Tədbirin bədii hissəsində BAAU tələbələri şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Vətəndir” mahnısını ifa edib, “Şərəf andı”nı səsləndirib və “Xudayar təsnifi”ni təqdim ediblər.

Tədbir vətənpərvərlik ruhunda çıxışlarla yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR