- 01 Oct 2026
Bakı Avrasiya Universitetində (BAAU) Kral Salman adına Beynəlxalq Ərəb Dili Mərkəzinin Azərbaycandakı filialı – Ərəbşünaslıq Mərkəzinin təşkilatçılığı ilə Səudiyyə Ərəbistanı Krallığının Milli Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Ərəbşünaslıq Mərkəzinin elmi işlər üzrə direktoru, dosent Ülviyyə Hüseynova iştirakçıları salamlayaraq Mərkəzin fəaliyyəti, əsas fəaliyyət istiqamətləri və ərəb dilinin, eləcə də ərəb mədəniyyətinin öyrənilməsi və tədrisi sahəsində həyata keçirilən işlər barədə məlumat verib. O, həmçinin Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə təbriklərini çatdıraraq Krallığın zəngin tarixi-mədəni irsindən, ərəb dilinin qorunması və inkişafındakı rolundan, eləcə də Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən bəhs edib.
Daha sonra Ərəbşünaslıq Mərkəzinin icraçı direktoru Mütəllim Rəhimov və APA-nın ərəbdilli müxbiri Vüsal Əliyev çıxış edərək Milli Gün münasibətilə təbriklərini ifadə edib, Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin müxtəlif sahələr üzrə inkişafından bəhs ediblər.
Tədbir çərçivəsində tələbələr tərəfindən Səudiyyə Ərəbistanının tarixi, milli-mədəni irsi və dövlət rəmzlərinə həsr olunmuş təqdimatlar nümayiş etdirilib.
Bədii hissədə isə onların ifasında milli-mədəni irsi əks etdirən musiqi və şeir nümunələri təqdim olunub.
Həmçinin Kral Salman adına Beynəlxalq Ərəb Dili Mərkəzinin fəaliyyəti, ərəb dilinin tədrisi və inkişafına verdiyi töhfələr haqqında videoçarx nümayiş etdirilib.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda xatirə fotosu çəkilib.




