XƏBƏRLƏR

BAAU-da Sultan bin Əbdüləziz Əl-Səud Fondu ilə əməkdaşlıq görüşü keçirilib

BAAU-da Sultan bin Əbdüləziz Əl-Səud Fondu ilə əməkdaşlıq görüşü keçirilib
  • 19 Jun 2026

Bakı Avrasiya Universitetində (BAAU) İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Bakı Regional Ofisi ilə birgə həyata keçirilən “Sultan bin Abdulaziz Al Saud beynəlxalq dil təlim proqramı” çərçivəsində Sultan bin Əbdüləziz Əl-Səud Fondunun Baş direktoru Salih bin İbrahim Əl-Xulayfi universitetin qonağı olub.

Qonağı qəbul edən Rektor dosent Səyavuş Qasımov BAAU-nun fəaliyyəti, beynəlxalq əlaqələri, tədris proqramları və maddi-texniki bazası barədə ətraflı məlumat verib. O, universitetin xarici ali təhsil müəssisələri ilə əməkdaşlığa, tələbə-müəllim mübadiləsinə və tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına xüsusi önəm verdiyini vurğulayıb. Rektor həmçinin BAAU-nun son illərdə beynəlxalq sahədə əldə etdiyi uğurları qeyd edərək, birgə layihələrin universitetin nüfuzunu artırdığını bildirib.

Çıxışında rektor BAAU-da fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzi haqqında da məlumat verib. O, mərkəzin əsas məqsədinin ərəb dilinin və mədəniyyətinin öyrənilməsini təşviq etmək, bu istiqamətdə elmi-tədqiqat fəaliyyətini dəstəkləmək, beynəlxalq əməkdaşlığı genişləndirmək və ərəb dili üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə vermək olduğunu vurğulayıb. Əlavə olaraq, mərkəzin müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində seminarlar, təlimlər və elmi tədbirlər təşkil etdiyini diqqətə çatdırıb.

Fondun Baş direktoru Salih bin İbrahim Əl-Xulayfi BAAU-nun qonaqpərvərliyinə və beynəlxalq təlimə ev sahibliyi etdiyinə görə təşəkkürünü bildirib. O, fondun ərəb dilinin tədrisinin inkişafı, təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin hazırlanmasında BAAU ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüş zamanı tərəflər gələcəkdə ortaq təlim proqramları və layihələrin icrası barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, bu əməkdaşlıq müxtəlif ölkələrdən olan mütəxəssislər arasında təcrübə mübadiləsini gücləndirəcək və ərəb dilinin tədrisinin inkişafına mühüm töhfə verəcək.

Görüşdən sonra qonaqlar “Mərkəzi Asiyada Ərəb dili” beynəlxalq təlim proqramının yekun tədbirində iştirak ediblər.

DİGƏR XƏBƏRLƏR