XƏBƏRLƏR

BAAU-nun rektoru Səyavuş Qasımov BSU-da keçirilən konfransda çıxış edib

BAAU-nun rektoru Səyavuş Qasımov BSU-da keçirilən konfransda çıxış edib
  • 19 Nov 2026

Noyabrın 18-də Bakı Slavyan Universitetinin (BSU) 80 illik yubileyi çərçivəsində BSU və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh və təhlükəsizlik: Cənubi Qafqaz yeni geosiyasi reallıqlar kontekstində” mövzusunda konfrans keçirilib.

Tədbirdə Bakı Avrasiya Universitetinin (BAAU) rektoru, dosent Səyavuş Qasımov iştirak edib.

Konfransda Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar, regional təhlükəsizlik, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması, sülh quruculuğu, eləcə də nəqliyyat-kommunikasiya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

BSU-nun Azərbaycan tarixi və multikulturalizm kafedrasının müdiri, tarix elmləri doktoru, professor Əsgər Əhmədin moderatorluğu ilə keçirilən konfransda açılış nitqi ilə çıxış edən universitetin rektoru Anar Nağıyev Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlardan, Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasındakı rolundan və Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərindən danışıb. Rektor, həmçinin BSU-nun beynəlxalq əməkdaşlıq və elmi-tədqiqat istiqamətlərində fəaliyyətinə toxunaraq konfransın əhəmiyyətini vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edərək Cənubi Qafqazda mövcud siyasi və təhlükəsizlik mühitini, Azərbaycan–Ermənistan sülh prosesini və regional əməkdaşlığın perspektivlərini dəyərləndirib.

Tədbirdə BAAU-nun rektoru, dosent Səyavuş Qasımov “Orta Dəhlizin Avrasiyanın dəyişən geosiyasi arxitekturasında rolu” mövzusunda məruzə ilə çıxış edib.

Rektor beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin güclənməsi və ənənəvi nəqliyyat marşrutları ilə bağlı risklərin Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırdığını bildirib. Çin və Mərkəzi Asiyanı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa ilə birləşdirən marşrutun yalnız iqtisadi və tranzit imkanları baxımından deyil, həm də regional əməkdaşlığın genişləndirilməsi və geosiyasi sabitliyin möhkəmləndirilməsi baxımından mühüm rol oynadığını vurğulayıb.

Dos. Səyavuş Qasımov Azərbaycanın Orta Dəhlizdə strateji mövqeyinə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı–Tbilisi–Qars dəmir yolunun əhəmiyyətinə, həmçinin Zəngəzur dəhlizinin regional nəqliyyat əlaqələrinin genişləndirilməsi potensialına diqqət çəkib.

Məruzədə Orta Dəhlizin inkişafına təsir göstərən gömrük və tarif fərqləri, infrastruktur məhdudiyyətləri və ekoloji risklər də təhlil olunub. Rektor marşrutun səmərəliliyinin artırılması məqsədilə vahid rəqəmsal tarif platformasının yaradılması, regional logistika sığorta fondunun təsis edilməsi və infrastrukturun əlaqələndirilmiş idarə olunması ilə bağlı təkliflərini diqqətə çatdırıb.

Dos.Səyavuş Qasımov Orta Dəhlizin uzunmüddətli dayanıqlılığının siyasi sabitlik, səmərəli koordinasiya və iştirakçı dövlətlər arasında qarşılıqlı etimaddan asılı olduğunu vurğulayıb.

Daha sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin şöbə müdiri Mətin Məmmədli, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı mütəxəssisi Fuad Abdullayev,  Qarabağ Universitetinin rektoru Şahin Bayramov, BSU-nun İctimai elmlər kafedrasının müəllimi Nihat İsmayılzadə məruzələrlə çıxış ediblər.

Konfrans məruzələrin dinlənilməsi və mövzu ətrafında geniş fikir mübadiləsi ilə yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR