- 16 Nov 2026
Azərbaycanda ilk dəfə təşkil olunan Milli Məşğulluq Forumu öz işinə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən iki günlük forumda Bakı Avrasiya Universitetinin (BAAU) rektoru dos. Səyavuş Qasımov da iştirak edib.
Forumun açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, ali və peşə təhsili müəssisələrinin nümayəndələri, işəgötürənlər, yerli və xarici ekspertlər, təhsil mütəxəssisləri və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev cari ilin ilk 10 ayı ərzində məşğulluq sahəsində əldə olunan nəticələrdən, peşə hazırlığı və özünüməşğulluq proqramlarının əhəmiyyətindən danışıb. O, dəyişən əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev aqrar sektorun məşğulluqda roluna, yeni texnologiyaların və süni intellektin bu sahənin inkişafına təsirinə diqqət çəkib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov rəqəmsallaşmanın əmək bazarında yaratdığı dəyişikliklərdən, süni intellektin peşələrin xarakterinə təsirindən və gənclərin yeni texnoloji çağırışlara hazırlanmasının əhəmiyyətindən bəhs edib.
Forum çərçivəsində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun moderatorluğu ilə “Müasir əmək bazarı: rəqəmsallaşma, innovativ təhsil və dayanıqlı məşğulluq” adlı panel müzakirəsində çıxış edən BAAU-nun rektoru dos. Səyavuş Qasımov universitetlərin əmək bazarının dəyişən tələblərinə uyğunlaşmasının, məzunların məşğulluq imkanlarının genişləndirilməsinin və təhsil proqramlarının müasir çağırışlara uyğun yenilənməsinin əhəmiyyətindən danışıb. O, universitetin uğurunun mühüm göstəricilərindən birinin məzunlarının əmək bazarında qazandığı nailiyyətlər olduğunu vurğulayıb, ali təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın formal memorandumlarla məhdudlaşmayaraq real təcrübə və məşğulluq imkanlarına çevrilməsinin vacibliyini qeyd edib.
Dos. Səyavuş Qasımov, həmçinin süni intellekt və rəqəmsallaşmanın peşələrin məzmununa təsirindən bəhs edərək, bütün ixtisaslar üzrə tələbələrin rəqəmsal savadlılıq, məlumatların təhlili və müasir texnologiyalardan istifadə bacarıqlarına yiyələnməsinin zəruriliyini vurğulayıb. O, ömürboyu təhsil konsepsiyasına uyğun olaraq çevik tədris modellərinin, qısamüddətli sertifikat proqramlarının və praktik təlim imkanlarının genişləndirilməsini müasir ali təhsilin əsas istiqamətlərindən biri kimi səciyyələndirib.
Forum çərçivəsində müasir əmək bazarının inkişaf tendensiyaları, rəqəmsallaşma, innovativ təhsil, süni intellektin məşğulluğa təsiri və dayanıqlı məşğulluq məsələlərinə həsr olunan panel müzakirələri keçirilib. Həmçinin karyera inkişafında süni intellektin rolu və həssas qrupların məşğulluq imkanlarının genişləndirilməsi mövzularında praktiki seminarlar təşkil olunub.
Qeyd edək ki, noyabrın 16-dan 19-dək davam edən Məşğulluq Həftəsi çərçivəsində noyabrın 18-də Gələcəyin Peşələri Sammiti, noyabrın 19-da isə Dövlət-Biznes Əməkdaşlıq Forumu keçiriləcək. Həftə ərzində, həmçinin gənclər və işəgötürənlərin iştirakı ilə “İstedadlar Sərgisi” təşkil olunacaq.




