- 18 Mar 2026
Bakı Avrasiya Universiteti (BAAU) ilə “CODERSEDU” MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum BAAU-nun rektoru dosent Səyavuş Qasımov və “CODERSEDU” MMC-nin həmtəsisçisi, İdarə Heyətinin üzvü Seymur Həmidov tərəfindən imzalanıb.
Sənəd tərəflər arasında təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi, institusional tərəfdaşlığın möhkəmləndirilməsi və birgə fəaliyyətlərin həyata keçirilməsi məqsədi daşıyır.
Memoranduma əsasən, tərəflər birgə maarifləndirici layihələrin hazırlanması və icrası, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə təlim, seminar, konfrans və vebinarların təşkili istiqamətində əməkdaşlıq edəcəklər.
Sənədə uyğun olaraq, BAAU-nun bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrinin “CODERSEDU” MMC-də könüllülük və təcrübə proqramlarına cəlb olunması üçün müvafiq şəraitin yaradılması da nəzərdə tutulur.
Memoranduma əsasən, əməkdaşlığın səmərəli təşkili məqsədilə tərəflərin nümayəndələrindən ibarət işçi qrupunun yaradılması, mütəmadi görüşlərin keçirilməsi və birgə layihələrin icrasının təmin olunması planlaşdırılır.
Qeyd edək ki, imzalanmış memorandum tərəflər arasında uzunmüddətli və davamlı tərəfdaşlığın inkişafına, innovativ yanaşmaların tətbiqinə və müasir tələblərə cavab verən peşəkar kadr potensialının formalaşdırılmasına mühüm töhfə verəcək.




