XƏBƏRLƏR

Əcnəbi tələbələr üçün hüquqi maarifləndirmə tədbiri keçirilib

Əcnəbi tələbələr üçün hüquqi maarifləndirmə tədbiri keçirilib
  • 21 Apr 2026

Bakı Avrasiya Universiteti (BAAU), Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şurada təmsil olunan "Miqrasiya Könüllüsü" və "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliklərinin birgə əməkdaşlığı çərçivəsində “Əcnəbi tələbələrin Azərbaycan Respublikasının atributlarına, milli və mədəni sərvətlərinə hörmətlə yanaşması, onların cəmiyyətimizə effektiv və faydalı inteqrasiyası” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə BAAU-nun Əcnəbi tələbələrlə iş mərkəzinin müdiri Rəşad Alıyev ilə bir qrup bakalavriat səviyyəsi üzrə müxtəlif kurslarda təhsil alan tələbələri və hazırlıq qrupu dinləyiciləri, həmçinin Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın üzvü və “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri Vidadi Fətullayev iştirak etmişdir.

Məruzəçi qismində çıxış edən DMX yanında İctimai Şuranın sədri, hüquqşünas Sima Yaqubova "Əcnəbi tələbələrin Azərbaycan Respublikasının atributlarına, milli və mədəni sərvətlərinə hörmətlə yanaşması, onların cəmiyyətimizə effektiv və faydalı inteqrasiyası" mövzusunda çıxış edib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq” ili elan olunduğunu qeyd edən S.Yaqubova, ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaraylar, məscid, məbəd və türbələrin milli memarlığın parlaq ənənələrini əks etdirdiyini və Azərbaycan şəhərsalma və memarlıq sənətinə aid bir çox əsərin dünya inciləri sırasında layiqli yer tutduğunu xüsusi ilə qeyd edib.

İctimai Şuranın sədri, mədəni irsimiz olan, dövlət mühafizəsinə götürülmüş tarix və memarlıq abidələrinin qorunması və toxunulmazlığının qanunla qorunması və bu qanunvericiliyin pozulmasına görə məsuliyyət həddi müəyyən edilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirin sonunda Azərbaycanın füsunkar memarlığını və tarixi abidələrini əks etdirən xüsusi videoçarx nümayiş etdirilib. İnteraktiv formatda davam edən görüşdə əcnəbi tələbələrin miqrasiya qaydaları, mədəni irsin qorunması və sosial inteqrasiya ilə bağlı sualları ətraflı cavablandırılıb.

Sonda İctimai Şuranın sədri Sima Yaqubova səmərəli əməkdaşlığa və təşkilati dəstəyə görə DMX-nin və BAAU-nun rəhbərliyinə öz təşəkkürünü bildirib və tədbirdə iştirak edən əcnəbi tələbələrə sertifikatlar təqdim edilib.

DİGƏR XƏBƏRLƏR