- 17 Apr 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinin və Əcnəbi tələbələrlə iş mərkəzinin təşkilatçılığı ilə universitetin əcnəbi tələbələri ilə görüş təşkil olunub. Görüşün əsas məqsədi xarici tələbələrin universitet mühitinə daha sürətli adaptasiyasını təmin etmək, həmçinin onlara hüquqi, akademik və sosial məsələlərlə bağlı zəruri məlumatları çatdırmaq olub.
Tədbirdə çıxış edən Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamentinin rəhbəri Aygül Əhmədova universitetin beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlərdən, xarici ali təhsil müəssisələri ilə qurulan strateji tərəfdaşlıqlardan bəhs edib. O, həmçinin tələbələrə təqdim olunan beynəlxalq mübadilə proqramlarının üstünlükləri, bu proqramların yaratdığı akademik və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verib.
Daha sonra Əcnəbi tələbələrlə iş mərkəzinin baş mütəxəssisi Rahilə Xəlilova çıxış edərək tələbələri Azərbaycan Respublikasında tətbiq olunan miqrasiya prosedurları, universitetin daxili qaydaları, eləcə də təhsil sənədlərinin nostrifikasiyası, leqallaşdırılması və apostil qaydaları ilə tanış edib. Mərkəzin mütəxəssisi Ülvi Həsənov isə təqdimatı zamanı iştirakçılara BAAU-nun tarixi, Azərbaycanın zəngin mədəni irsi və multikultural mühiti barədə geniş məlumat təqdim edib.
Tədbirin interaktiv hissəsində mentor tələbələr Ahmed Sohail və Mokwenyei Charles Patrick çıxış edərək universitet həyatı ilə bağlı şəxsi təcrübələrini bölüşüblər. Onlar tələbələrə universitet daxilində fəaliyyət göstərən dərnəklər, sosial layihələr, asudə vaxtın səmərəli təşkili, şəhərdaxili və ölkədaxili sosial-mədəni tədbirlərdə iştirak imkanları barədə məlumat veriblər.
Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tələbələrlə açıq müzakirə aparılıb. Tədbir ümumi xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.




