- 04 Apr 2026
“2026-cı il Şəhərsalma və Memarlıq İli” çərçivəsində 4 aprel tarixində Bakı Avrasiya Universitetinin (BAAU), Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İDDA), Abşeron Logistika Mərkəzinin və CODERS Azerbaijan şirkətinin təşkilatçılığı ilə “GreenCity Hackathon” innovasiya yarışının final mərhələsi keçirilib.
Yarışın final tədbiri BAAU-nun konfrans zalında təşkil olunub və qaliblərin elan olunması ilə mükafatlandırma mərasimi təşkil edilib, iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.
Yarışın final tədbirini BAAU-nun rektoru, dosent Səyavuş Qasımov açılış nitqi ilə başlayıb. O, çıxışında bu cür təşəbbüslərin tələbələrin innovativ düşüncə tərzinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Dosent Səyavuş Qasımov həmçinin qeyd edib ki, universitet rəhbərliyi bu cür layihələrin həyata keçirilməsini daim dəstəkləyir və gələcəkdə də yerli və beynəlxalq tərəfdaşlarla birgə innovasiya yönümlü tədbirlərin təşkilini davam etdirəcək. O, iştirakçılara uğurlar arzulayaraq yarışın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.
Niğde Ömer Halisdemir Universitetinin rektoru, professor Hasan Usulu isə çıxışında cari yarışın təşkilində fərqli ölkə və təşkilatların cəlb olunmasının və bunun da beynəlxalq əməkdaşlığın inkişafına müsbət təsir etdiyinin əhəmiyyətindən danışaraq gənclər arasında bilik və təcrübə mübadiləsinə töhfə verdiyini xüsusilə vurğulayıb və bütün iştirak edən komandalara uğurlar arzulayıb.
Çıxışlardan sonra yarışın nəticələrinə əsasən qalib komandalar elan olunub. Ən yüksək göstərici və xal toplayan “Servis Terroristləri” (BAAU) komandası I yerə layiq görülüb. Balların eyni olması səbəbindən “CodetriX” (BAAU) və “Caspian Tech” (ATU) komandaları II yeri bölüşüblər. “Green Point” (BDU) komandası isə III yerin qalibi olub.
Qaliblərə müvafiq olaraq I yer üçün 1000 manat, II yer üçün 800 manat, III yer üçün isə 600 manat dəyərində hədiyyə kuponu da təqdim edilib.
Eyni zamanda tədbirin təşkilində fəal iştiraklarına görə BAAU-nun Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyəti (TEC) üzvlərinə təşəkkürnamələr təqdim olunub.




